Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarov geyim, davranış, həcc və s. məsələlərə toxunaraq, dində xurafatı tənqid edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onun çıxışının videosunu idarənin mətbuat xidməti yayıb.
Müfti İslamda geyim və xarici görünüşlə bağlı sərt qaydaların olmadığını vurğulayıb:
“Biz geyim mədəniyyətimizdə həddi aşmışıq. Belə bir fikir formalaşıb ki, İslam müəyyən paltar geyinməyi və müəyyən görkəmi nəzərdə tutur. Peyğəmbərimizdən bizə qalan bir hökm var. İslamın konkret forması yoxdur”.
O, Məhəmməd peyğəmbərdən sitat gətirir: “Həqiqətən, Allah sizin xarici görünüşünüzə və mal-dövlətinizə baxmaz”.
“Müsəlman olduqdan sonra müəyyən forma geyinməlisən deyə bir şərt yoxdur. İslam bütün bəşəriyyətə göndərilib, ərəblərin, türklərin öz paltarları var. İslam təvazökarlığı və insafı öyrədir. Ərəb üslubunda qara paltar geyinməyə ehtiyac yoxdur”, – o qeyd edib.
O, müsəlmanların saqqal saxlaması məsələsinə də toxunub:
“Saqqal saxlamaq sünnətdir (müsəlmanlar üçün arzu olunan bir əməldir), heç kim bunu inkar etmir. Amma həm peyğəmbərimizin səhabələri, həm də üləmalarımız bir çox göstərişlərində saqqalın bir kəbzədən (xurma eni) uzun olmamasını və nizama salınmasını tövsiyə ediblər”.
Nuriddin Xoliknazarov dindarları İslam dininin digər məsələlərini ağlabatan və düzgün şərh etməyə çağırıb.
Müsəlmanlar İdarəsinin sədri valideynlərə hörmətdən də danışıb.
“Sosial şəbəkələrdə görürük ki, filan kişi anasının ayağını necə yuyur və bu suyu içir. Dinimiz bunu tələb etmir. Valideynlərə hörmət etmək onları Kəbəyə aparıb bütün dünyanın gözü qarşısında ayaqlarından öpmək demək deyil. Onlara kömək edin, ehtiyaclarını ödəyin, xeyir-dualarını alın. Qalanı artıqdır”, – deyə müfti bildirib.
İqbal Rzayev,
KONKRET.az