Kanada və Niderlandın Xarici İşlər Nazirlikləri (XİN) Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalına silahlı hücumu pisləyib.
KONKRET.az xəbər verir ki, “Kanada bu gün Krasnoqorskdan gələn dəhşətli görüntülərdən şoka düşüb. Kanada bu iyrənc hücumları pisləyir”, – Kanada XİN-nin X sosial şəbəkəsində dərc etdiyi bəyanatda deyilir.
Kanada XİN-i həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
“Moskvada onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən terror aktının dəhşətli görüntüləri bizi şoka salıb. Fikrimiz qurbanların və onların ailələri birlikdədir”, – Niderland XİN-nin X-dəki bəyanatında deyilir.
Macarıstanın baş naziri Viktor Orban da hücumu X-də pisləyib: “Bu axşam Moskva yaxınlığında baş vermiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyası xalqına dərin hüznlə başsağlığı vermək istərdim. Qurbanların ailələrinə səbr diləyirik!”.
Qeyd edək ki, ABŞ, Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya, Belarus, Qazaxıstan, Qırğızıstan və bir sıra digər ölkələr, həmçinin Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı teraktı pisləyib.
Xatirə SADİQ,
KONKRET.az
