“İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru Balakişi Qasımovun səlahiyyət müddətinin başa çatması media və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı diqqətçəkən iddialar irəli sürülüb” .

KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş deputat Etibar Əliyev sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Balakişi Qasımov İTV-də müəyyən islahatlara nail olsa da, bəzi tənqidlərdən sonra qadağalarla üzləşib: “Milli Məclisin iclaslarının birində İTV-nin Yayım şurasının işini yüngülvari tənqid etdik və bəzi tövsiyələr verdik. Hörmətli Balakişi müəllim İTV-də bizə dərhal qadağa qoydu. Bu televiziyada verilişlərə dəvət məsələsində dostbazlıq, qohumbazlıq, məhəllə uşağı, sinif yoldaşı, rusdilli ‘kiryuxa’lıq rol oynayıb. Belə işlər bizim mentalitetimizin ‘ornamenti’dir”.

Onun sözlərinə görə, B.Qasımovun AzTV-yə rəhbər gətirilməsi dövlət televiziyasını hazırkı durumundan xilas edə bilər: “Mənim subyektiv fikrim: Balakişi Qasımov AzTV-yə təyin olunarsa, bu televiziyada da müəyyən islahatlar apara bilər. Düşüncəmə görə, yalnız o, Rövşən Məmmədovun dostbazlıq, yerlibazlıq, qohumbazlıq, səriştəsizlik mərəzinə yoluxdurmuş Dövlət televiziyasını xilas edə bilər”.
Natiq Səlim,
KONKRET.az
