1920-ci il oktyabrın 23-də çörəkçi və satıcı qadının ailəsində dünyaya gələn Canni Rodari sonralar “Çipollinonun macəraları”, “Mavi oxun səyahəti”, “Celsominonun sehrli səsi” və “Telefondakı nağıllar” kimi məşhur əsərlərin müəllifinə çevrildi. O, şən, nikbin, tükənməz fantaziyaya malik, xeyirxah və özünəməxsus yumor hissi ilə seçilən bir nağılçı idi.
Uşaqlıqdan şeirlər yazır, skripkada ifa etməyi öyrənir və məşhur rəssam olmağı arzulayırdı. 1941-ci ildə ibtidai sinif müəllimi işlədiyi vaxt İtaliya Milli Faşist Partiyasına üzv oldu və 1943-cü ilin iyulunda partiya ləğv edilənədək onun sıralarında qaldı.
Lakin 1943-cü ilin sonlarında Almaniyanın İtaliyanı işğal etməsindən, iki yaxın dostunun ölümündən və qardaşı Çezarenin alman konsentrasiya düşərgəsinə göndərilməsindən sonra Rodarinin siyasi mövqeyi dəyişdi. O, Müqavimət Hərəkatına qoşuldu, 1944-cü ildə isə Kommunist Partiyasının üzvü oldu.
Müharibədən sonra Rodari partiya tapşırığı ilə italyan kommunistlərinin “L’Unità” qəzetində jurnalist kimi çalışmağa başladı. Burada “Uşaq guşəsi” adlı xüsusi rubrika aparırdı. Məhz kommunist nəşrində başlayan bu fəaliyyət onun uşaq yazıçısı kimi formalaşmasında mühüm rol oynadı.
Dünya şöhrəti, milyonlarla tirajla çap olunan kitablar, yüksək ədəbi adlar və mükafatlar, o cümlədən Hans Kristian Andersen adına Qızıl medal onu qarşıda gözləyirdi. Maraqlıdır ki, Rodari öz ölkəsində deyil, əvvəlcə xaricdə tanındı və məşhurlaşdı.
O, dəfələrlə Sovet İttifaqına səfər etdi, oxucularla görüşdü, yaradıcılıq dərsləri keçdi, hətta öz nağıllarından birinin ekranlaşdırılmasında da rol aldı.
Canni Rodarinin fikirləri bu gün də aktuallığını qoruyur. Bəzən elə gəlir ki, biz indi onun yazdıqlarının içində yaşayırıq:
– “Utopiyanın tərbiyəvi rolunu kiçiltmək olmaz. Ən yaxşı gələcəyə inanmasaydıq, bizi diş həkiminə getməyə nə vadar edərdi?” (Mən buraya seçkilərə getməyi də əlavə edərdim.)
– “Uşaq üçün nağıl, hər şeydən əvvəl, böyükləri yanında saxlamağın ideal vasitəsidir”.
– “Cənab Pomidor, hirslənməyin, deyirlər, göz yaşları vitaminləri yox edir”.
– Şahzadə Limon: “İlahi, məni dostlarımdan qoru, düşmənlərimin öhdəsindən özüm birtəhər gələrəm!”
– “Şıltaq uşağın bir damla göz yaşı küləkdən də yüngüldür. Ac uşağın göz yaşı isə bütün Yer kürəsindən ağırdır!”
– “Mənə elə gəlir ki, bəşəriyyətin ən təhlükəli düşmənləri yalançılardır. Dünyada yüz minlərlə yalançı var. Yalançı azadlıqdan yazan, amma əslində kapitalistlərin fəhlələri istismar etmək azadlığını, imperialistlərin isə müstəmləkə xalqlarının qanını sormasını nəzərdə tutan jurnalistdir. Yalançı sülhdən danışıb əslində müharibəni dəstəkləyəndir. Yalançı insan ləyaqətindən danışıb, əslində itaətkarlığı və mütiliyi təbliğ edən, insanlara ədalətsizlik qarşısında susmağı, yoxsulluğa göz yummağı öyrədəndir. Kimisə incitmək istəmədən deyə bilərəm ki, yalançılar dünyanın hər yerində var. Hər ölkənin öz yalançıları olub və var. Ən yaxşısı isə həmin ölkənin yalanın öhdəsindən gələ bilməsidir”.
– “Həqiqət” sözü özündə şimşək daşıyan sözlərdən biridir.
– “Çox bilmək istəyirsənsə, az yatmalısan”.
– “Onlar yalan danışmağa o qədər öyrəşmişdilər ki, sadəcə qorxduqlarını etiraf edə bilmirdilər”.
– “Deməli, belə imiş. Həbsxanalar oğurluq edənlər və adam öldürənlər üçün tikilib. Amma Şahzadə Limonun ölkəsində hər şey tərsinədir: oğrular və qatillər sarayda yaşayır, dürüst vətəndaşlar isə həbsxanada yatır”.
– “Soğan olan yerdə göz yaşı da olar”.
– “Axı onların maaşı elə buna görə verilir ki, narazı olanların hamısını həbsə atsınlar!”
– “Hətta tərəvəzlərin də bir gün səbri tükənir”.
Yeri gəlmişkən, Canni Rodari həm də çox yaxşı pedaqoq idi. O, əsərlərini elə qururdu ki, italyan uşaqları sadə və gülməli şeirlər vasitəsilə ana dilinin qaydalarını, coğrafiyanı və məktəbdə tədris olunan digər bilikləri asanlıqla mənimsəsinlər.
Özünün də dediyi kimi: “Uşağın gülərək öyrənə biləcəyi bir şeyi mütləq göz yaşı tökərək öyrənməsi lazımdırmı?”
Rodari güldürərək öyrədir, öyrədərkən isə əyləndirirdi. O, məktəblilərin yol verdiyi tipik səhvlərə – vurğulara, artıq və ya çatışmayan hərflərə, qrammatik yanlışlıqlara həsr olunmuş bir neçə şeir toplusu da yazmışdı. Məqsədi məktəbdə quru və darıxdırıcı qaydalarla öyrədilən bilikləri uşaqlara daha maraqlı şəkildə çatdırmaq idi.
Onun fikirlərindən biri xüsusilə diqqətəlayiqdir: “Səhvlər lazımlı şeydir. Onlarsız çörəksiz qaldığımız kimi olarıq. Üstəlik, səhvlər bəzən çox gözəl olur. Heç olmasa, Piza qülləsinə baxın!”
Rodari əsərləri vasitəsilə kiçik oxucularına başqa insanlara hörmət etməyi, müharibənin ən böyük bədbəxtlik olduğunu, xeyirxah olmağın vacibliyini, həyatın gözəlliyini və ümumi rifah naminə çalışmağın nə qədər dəyərli olduğunu aşılayırdı.
Onun ən böyük arzularından biri dünyadakı bütün uşaqların xoşbəxt olması, heç birinin kədərdən ağlamaması idi.
Yazıçının bu fikri isə onun bütün yaradıcılığının mənasını ifadə edir:
“Bir damla göz yaşı nə qədər ağırdır? Şıltaq uşağın göz yaşı küləkdən yüngüldür. Ac uşağın göz yaşı isə bütün Yer kürəsindən ağırdır…”.
Müəllif: Aleksandr Tixoretski
Hazırladı: Natiq Səlim,
KONKRET.az
