Ağ Evin lənəti: prezidentlərin müəmmalı taleyi və 226 illik sirrbackend

Ağ Evin lənəti: prezidentlərin müəmmalı taleyi və 226 illik sirr

Ağ Evə baxanda ilk növbədə əzəmət, qüdrət və Amerika dövlətçiliyinin rəmzini görürük. Lakin düz 226 il əvvəl, 1800-cü il noyabrın 2-də bu möhtəşəm binanın mənzərəsi heç də belə deyildi. O zaman Ağ Ev daha çox qara komediyanın dekorasiyasını xatırladırdı.

Həmin gün ABŞ-ın ikinci prezidenti Con Adams həyat yoldaşı Abiqeyllə birlikdə yeni iqamətgaha köçdü. Təsəvvür edin: soyuq noyabr havası, Vaşinqtonun bataqlıq ərazilərindən gələn palçıq, yarımçıq tikili, yaş suvağın ağır qoxusu, lövhələrlə bağlanmış pəncərələr və isinmək üçün kifayət qədər odunun belə olmaması…

Amerikanın birinci xanımı təntənəli diplomatik qəbullara hazırlaşmaq əvəzinə, prezidentin islanmış paltarlarını və yataq dəstlərini qurutmaqla məşğul idi. Hətta deyilənə görə, paltarlar birbaşa Şərq zalında asılırdı. Çünki həmin vaxt ocaq yandırmaq mümkün olan və nisbətən isti qalan yeganə yer burası idi.

Con Adams bu yarımçıq iqamətgahda cəmi bir neçə ay yaşadı. Həmin dövr onun üçün olduqca ağır keçdi. O, prezidentliyi dövründə şəxsi və siyasi itkilərlə üzləşdi, 1800-cü il seçkilərində Tomas Ceffersona məğlub oldu və hakimiyyətini təhvil verməli oldu. Ağ Evlə bağlı narazılığını isə sonralar da gizlətmirdi. Hətta bu binanın divarlarının onun həyatını zəhərlədiyini düşünməsi barədə rəvayətlər də yaranmışdı.

Lakin Ağ Evin tarixi ilə bağlı ən maraqlı və müəmmalı əfsanələrdən biri bundan sonra başlayır.

Düz 80 il sonra, 1880-ci il noyabrın 2-də ABŞ-da növbəti prezident seçkiləri keçirildi. Ceyms Qarfild qalib gəldi. Məhz bu dövrdən etibarən Amerika siyasi folklorunda “Tekumse lənəti” kimi tanınan əfsanə daha geniş yayılmağa başladı.

Rəvayətə görə, XIX əsrin əvvəllərində şauni hindu tayfasının rəhbəri Tekumse ABŞ-a qarşı mübarizədə məğlub olduqdan sonra amerikalılara lənət oxumuşdu. Guya sonu sıfırla bitən ildə prezident seçilən hər bir dövlət başçısı vəzifədə olduğu müddətdə öləcəkdi.

Sonrakı hadisələr bu əfsanənin tərəfdarları üçün qəribə bir ardıcıllıq yaratdı:

– Uilyam Harrison (1840) – prezident seçildikdən cəmi bir ay sonra, 1841-ci ildə pnevmoniyadan vəfat etdi. O, ABŞ tarixində ən qısa müddət prezident olmuş dövlət başçısıdır.

– Avraam Linkoln (1860) – 1865-ci ildə, ikinci prezidentlik müddətinin başlanmasından qısa müddət sonra sui-qəsd nəticəsində öldürüldü. Onun Ağ Evdə öz ölümünü əks etdirən görüntü gördüyü barədə yayılan hekayələr də sonradan mistik rəvayətlərin bir hissəsinə çevrildi.

– Ceyms Qarfild (1880) – 1881-ci ildə silahlı hücuma məruz qaldı. Sui-qəsddən sonra bir müddət yaşasa da, aldığı yaraların və tibbi ağırlaşmaların nəticəsində həyatını itirdi.

– Uilyam MakKinli (1900) – 1901-ci ildə anarxist Leon Çolqoş tərəfindən güllələnərək öldürüldü.

– Uorren Hardinq (1920) – 1923-cü ildə San-Fransiskoda qəfil vəfat etdi. Ölümünün səbəbi ürək tutması hesab edilsə də, sonradan müxtəlif fərziyyələr ortaya atıldı.

– Franklin Delano Ruzvelt (1940) – 1945-ci ildə, dördüncü prezidentlik müddətində beyin qanaxması nəticəsində dünyasını dəyişdi.

– Con Kennedi (1960) – 1963-cü il noyabrın 22-də Dallasda sui-qəsd nəticəsində öldürüldü.

Beləliklə, sonu sıfırla bitən illərdə seçilmiş yeddi prezidentin hamısı vəzifədə olarkən həyatını itirdi. Təbii ki, bu ardıcıllıq “Tekumse lənəti” əfsanəsinin daha da məşhurlaşmasına səbəb oldu.

1980-ci ildə Ronald Reyqan prezident seçiləndə çoxları növbəti faciəni gözləyirdi. Həqiqətən də, 1981-ci ildə ona qarşı sui-qəsd cəhdi edildi. Lakin Reyqan ağır yaralansa da, sağ qaldı və prezidentlik müddətini başa vurdu. Beləliklə, yüz ildən artıq davam edən qorxulu ardıcıllıq pozuldu. Reyqanın həyat yoldaşı Nensinin astroloqlara müraciət etməsi barədə məlumatlar da sonralar bu mistik əhvalatın ətrafında dolaşan hekayələrə əlavə olundu.

Ancaq Ağ Evin müəmmalı əhvalatları bununla bitmədi.

XXI əsrdə də prezident iqamətgahı ilə bağlı qorxulu hekayələr yayılmaqda davam edirdi. Corc Buş kiçiyin qızlarının gecələr yataq otaqlarındakı kamin tərəfdən 1920-ci illərin musiqisini və qəribə səsləri eşitdikləri barədə məlumatlar mətbuatda yer almışdı. Mişel Obama da Ağ Evdəki bəzi dəhlizlərin qəribə atmosferindən, gecələr eşidilən səslərdən danışmışdı. Bu cür hekayələr binanın guya ruhlarla dolu olması barədə təsəvvürləri daha da gücləndirirdi.

Əlbəttə, bütün bunların bir qismi tarixi faktlara, digər qismi isə illər ərzində formalaşmış rəvayətlərə və şayiələrə əsaslanır. “Tekumse lənəti”nin mövcudluğunu təsdiqləyən heç bir elmi sübut yoxdur. Prezidentlərin ölüm tarixləri arasındakı qəribə uyğunluq isə tarixə mistik əfsanə kimi düşüb.

Amma bir həqiqət var: Ağ Ev sadəcə ABŞ prezidentlərinin yaşadığı və dövlət qərarlarının qəbul edildiyi bina deyil. Onun divarları iki əsrdən artıq müddətdə müharibələrin, sui-qəsdlərin, siyasi intriqaların, şəxsi faciələrin və tarixi dönüşlərin şahidi olub.

Bu baxımdan Ağ Ev dünyanın ən məşhur iqamətgahlarından biri olmaqla yanaşı, tarixin, əfsanələrin və insan təxəyyülünün qovuşduğu qeyri-adi məkandır. Bəzən isə onun haqqında yazılanlar elə təsir bağışlayır ki, sanki bu binanın divarları doğrudan da hər şeyi xatırlayır…

Tərcümə etdi: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*