Silikon qablar nə zaman təhlükəli olur? – Mütəxəssisdən VACİB AÇIQLAMAbackend

Silikon qablar nə zaman təhlükəli olur? – Mütəxəssisdən VACİB AÇIQLAMA

Mətbəxdə geniş istifadə olunan silikon qablar və qaşıqlar rahatlığı, asan təmizlənməsi və yüksək temperatura davamlılığı ilə seçilir. Lakin bu məhsulların qaynar yeməklərlə uzun müddət təması zamanı tərkibindəki bəzi kimyəvi maddələrin qidaya keçməsi ehtimalı da mövcuddur.

Bəs silikon məmulatlardan istifadə zamanı hansı məqamlara diqqət yetirilməlidir və onların sağlamlıq üçün riskləri nə dərəcədə realdır?

Məhsəti Hüseynova - FOTOBAZA Pravda.az

Məhsəti Hüseynova

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, silikon qab və qaşıqların təhlükəsizliyi ilk növbədə onların keyfiyyətindən, istehsal texnologiyasından və istifadə qaydalarına əməl olunmasından asılıdır.

“Son illərdə rahat istifadəsi, asan yuyulması və yeməklərin qarışdırılması zamanı yapışmaması səbəbindən silikon məmulatlara maraq artıb. Bununla belə, həmin məhsulları alarkən onların qida ilə təmas üçün nəzərdə tutulmasına və yüksək temperatura davamlılığına diqqət yetirmək vacibdir.

Keyfiyyətsiz və düzgün istehsal olunmamış silikon məmulatlar yüksək temperaturun təsirinə məruz qaldıqda və ya qida ilə uzun müddət təmasda olduqda tərkiblərindəki bəzi uçucu üzvi birləşmələr və digər kimyəvi maddələr qidaya keçə bilər. Bu ehtimal xüsusilə yağlı yeməklərin hazırlanması zamanı nəzərə alınmalıdır”.
M.Hüseynovanın sözlərinə görə, silikon qabların və qaşıqların hamısını zərərli hesab etmək düzgün deyil. Qida ilə təmas üçün istehsal olunan, keyfiyyəti yoxlanılan və müvafiq istifadə qaydalarına uyğun işlədilən məhsullar praktik seçim sayıla bilər.

“İstehlakçılar məhsulun üzərindəki məlumatları, istehsalçının göstərdiyi temperatur həddini və istifadə təlimatlarını diqqətlə yoxlamalıdırlar. Silikon qaşıqları qaynar yağda və ya suda uzun müddət saxlamaq, eləcə də onları həddindən artıq qızmış qablarla uzun müddət təmasda qoymaq məsləhət görülmür”.

Mütəxəssis silikon məmulatların vəziyyətinə də xüsusi diqqət yetirilməsini tövsiyə edib. Onun sözlərinə görə, qab və ya qaşıqda çatlar yaranıbsa, səthi yapışqanlaşıbsa, deformasiya müşahidə olunursa və ya qızdırılarkən kəskin qoxu əmələ gəlirsə, həmin məhsuldan istifadə dayandırılmalıdır.

M.Hüseynova vurğulayıb ki, qida təhlükəsizliyi yalnız məhsulların keyfiyyəti ilə məhdudlaşmır. Yeməyin hansı materialdan hazırlanmış qabda bişirilməsi və saxlanılması da mühüm əhəmiyyət daşıyır.

Onun fikrincə, gündəlik istifadədə şüşə və emallı qablara, eləcə də qida ilə təmas və yüksək temperatur üçün uyğun olan paslanmayan polad məmulatlara üstünlük vermək məqsədəuyğundur. Silikon məhsullardan istifadə zamanı isə onların keyfiyyətinə və təhlükəsizlik tələblərinə uyğunluğuna xüsusi diqqət yetirilməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*