“23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLARbackend

 “23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr edilmiş “23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, 30 oktyabr tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, qazilər, media mənsubları, eləcə də 52 antiterror şəhidinin respublikamızın ən müxtəlif guşələrindən gəlmiş ailə üzvləri iştirak edirdilər.

Şəhidlərin xatirəsini anmaqla və Azərbaycan himninin sədaları altında başlanan tədbirdə ilk olaraq kitabın baş rəyçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov çıxış edərək günümüzdə Qarabağ zəfərimizlə bağlı olan kitabların aktuallığından, bu işə verilən hər bir töhfənin əhəmiyyətindən danışıb, “23 saat 43 dəqiqə” kitabının bədii-sənədli məziyyətlərindən bəhs edib.

YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Azərbaycan dövlətinin müharibə şəhidləri və qaziləri üçün yaratdığı şəraitdən danışıb, kitabda bu barədə ayrıca qeydlər olduğunu vurğulayıb, dövlətin öz şəhidlərinin, qazilərinin yanında olmasını Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkənin əsas prioriteti olduğunu vurğulayıb.

Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis bildirib ki, kitabda əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan ordusunun tərkibi, xüsusi təyinatlılar və komandoların misilsiz şücaəti, aparılan hərbi əməliyyatın xarakteri, silah növləri, cəbhələrin təsnifatı, əsas döyüşlər, düşmənin kapitulyasiyası, əldə edilən silah-sursat, düşmənin yeraltı hərbi baza və qərargahlarının təsviri, müharibə canilərinin həbsi, Xankəndiyə üçrəngli bayrağın sancılması, Yevlaxdakı reinteqrasiya görşüşləri, Xankəndi zəfər paradı, əməliyyata dünya siyasətçilərinin, mediasının, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi mənzərəsi öz əksini tapıb, əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri yer alır.

Qeyd edilib ki,3 fəsildən ibarət kitabı unikal edən antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin ailə üzvlərinin kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim etməsidir.

Daha sonra antiterror şəhidlərindən Ruslan Lalayevin atası Akif Lalayev, Aqil Əkbərovun atası Fayəddin Əkbərov, Mikayıl Həmidlinin anası Lalə Həmidova, Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı, Elxan Nəcəfinin həyat yoldaşı Əsmayə Nəcəfi, Rəşad Hüseynovun qızı Rəşidə Hüseynova çıxış ediblər, bu dəyərli nəşrə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fonduna, müəllifə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir iştirakçılarına kitablar hədiyyə edilib.

Xatırladaq ki, “23 saat 43 dəqiqə” kitabının redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar, fəsil şeirlərinin müəllifi Nigar Həsənzadə, naşiri Akif Şahbazovdur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*