Rusiya Federasiyasının Ulyanovsk şəhərində maraqlı və bir o qədər də dələduzluqla nəticələnən hadisə qeydə alınıb. 25 yaşlı yerli sakin keçmiş sevgilisindən pul almaq məqsədilə saxta hamiləlik uydurub.
KONKRET.az xəbər verir ki, məlumata görə, 28 yaşlı gənc sevgilisindən ayrılaraq Moskvaya köçüb, lakin keçmiş sevgilisi ondan əl çəkməyib. Hiyləgər qız ona hamilə olduğunu və tezliklə iki əkiz uşaq atası olacağını bildirib. Daha sonra isə doğum evindən guya uşaqların şəkillərini göndərərək aliment tələb edib.
Gənc oğlan uşaqlar üçün altıpatqan (pampers), geyim və oyuncaq pulunu məsuliyyətlə hər ay keçmiş sevgilisinin kartına köçürüb. Qız isə həmin pullarla öz kefinə baxıb. O, “anasına pis davrandığı” bəhanəsi ilə uşaqları atalarına göstərməkdən imtina edib.
Lakin gənc oğlan Ulyanovsk şəhərinə gəlib uşaqlarla görüşmək istədikdə yalanın üstü açılib. Məlum olub ki, qızın əkiz körpə kimi təqdim etdiyi şəkillər süni intellekt (İİ) vasitəsilə yaradılıb. Aldatıldığını başa düşən oğlan polisə müraciət edərək onun barəsində ərizə yazıb.
Araşdırma zamanı məlum olub ki, qız bu yolla gəncdən ümumilikdə 684 min rubl pul qoparıb. Faktla bağlı dələduzluq maddəsi üzrə cinayət işi başlanılıb və indi həmin şəxsi həbs cəzası gözləyir.

Natiq Səlim,
KONKRET.az
