Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı dövlətin iqtisadi siyasətində prioritet sahələrdən biridir. Bu sahənin innovasiya və texnologiya ilə təmin olunması isə aqrar istehsalın effektivliyini artıran əsas amillərdəndir. Məhz bu səbəbdən kənd təsərrüfatı texnikalarının idxalı gömrük rüsumlarından azad edilib, satış dəyərinin 40% dövlət subsidiyaları hesabına qarşılanır. Lakin sahibkarların texnikaya tətbiq etdiyi qiymətlərə hər hansı yuxarı həddin qoyulmaması mövcud mexanizmin səmərəliliyini azaldır. Dövlətin niyyəti aqrar istehsalçının yükünü azaltmaq olsa da, bəzən nəticə olaraq subsiya sahibkarların gəlirlərinin həddən artıq artmasına şərait yaradır. Xüsusən də Çin istehsalı texnikada marja 40-50% çatır, bu subsidiyanın real hədəfi olan “fermerə dəstək” məqsədini zəiflədir.
1.Kənd təsərrüfatı texnikalarının idxalı gömrük rüsumlarından azad edilməsi texnikanın ilkin maya dəyərini aşağı salsa da, bu, bazarda avtomatik olaraq qiymətlərin ucuzlaşmasına gətirib çıxartmır. Çünki satış qiymətlərinə nəzarət mexanizmi mövcud deyil və sahibkar həmin texnikanı istədiyi qiyməti müəyyən edə bilir.
2. Dövlət subsidiyası və yüksək qiymətlər
Satılan texnikanın dəyərinin 40 faizini dövlət qarşıladığı üçün fermerin ödənişi azalmış kimi görünür. Amma nəticədə texnikanın ümumi bazar qiyməti əsassız dərəcədə yüksəlirsə, subsidiya məbləği de-fakto sahibkarın qazanc payını süni formada artırır. Bu sahədə olan mənbəlır göstərir ki, Çin texnikasında 40-50 faizlik marjalar müşahidə olunur. Bu isə yüksək rentabelliklə yanaşı, aqrar sektora deyil, əsasən ticarətçilərə fayda vermiş olur.
3.Fermerlərin əsas marağı əlçatan və keyfiyyətli texnikadır. Lakin qiymət artımı fermerin həm ilkin ödəniş imkanlarını daraldır, həm də gələcəkdə texnikanın istismar və servis xərclərini artırır. Bu, xüsusən kiçik təsərrüfatlar üçün ciddi maliyyə yükünə çevrilir.
4.Subsidiya dərəcəsi yüksək olduğundan hər ilin büdcəsində ciddi maliyyə vəsaiti bu sahəyə yönəlir. Lakin həmin vəsaitin səmərəli xərclənməməsi, əsasən ticarətçi sahibkarlara fayda verməsi, aqrar sektorun dayanıqlı inkişafı baxımından effektivlik əmsalını azaldır.
5.Qiymətlərə yuxarı həddin qoyulmaması ilə yanaşı, servis tələblərinin də nisbətən zəif olması bazara aşağı keyfiyyətli texnikaların daxil olmasına şərait yaradır. Yüksək keyfiyyət meyarlarının olmaması səbəbindən fermer tez-tez təmir xərcləri ilə qarşılaşır, bu da ümumi iqtisadi effekti aşağı salır.
Bəs həll yolu nə ola bilər?
1. İlk öncə subsidiya tətbiq edilən texnikalara yuxarı satış həddinin müəyyən edilməsi. Dövlət subsidiya dərəcəsini nəzərə alaraq, texnikanın son satış qiymətinə müəyyən limit qoya bilər. Bununla, texnikanın qiymətində əsassız artımın qarşısını almaq mümkündür.
2. Müxtəlif keyfiyyət və güc səviyyəsində olan texnikalara görə fərqli limit tətbiq oluna bilər. Beləcə, yüksəkkeyfiyyətli və daha bahalı texnikaların da bazarda mövcudluğu təmin olunur, eyni zamanda sırf ucuz və keyfiyyətsiz texnikalara yönəlmə azaldılır.
3. Bazarın keyfiyyətinin artması üçün idxal olunan və ya yerli istehsal edilən texnikalar müəyyən keyfiyyət standartlarına cavab verməlidir. Sertifikatlaşdırma tələbləri gətirilməsi, zəmanət və texniki servis şərtləri aydınlaşdırılmalıdır.Yalnız bu tələblərə cavab verən texnikalar subsidiya ilə əhatə edilə bilər.
4. Dövlət subsidiyanın 40 faizlik dərəcəsini bütün texnikalar üçün eyni şəkildə tətbiq etməkdənsə, bəlkə də daha çox aqrar innovasiyaya və müasir texnoloji həllərə yönələn sahibkarlara daha yüksək subsidiya ayırma, klassik texnikalara isə nisbətən aşağı dərəcə tətbiq etməklə səmərəliliyi yüksəldə bilər.
5.Yüksək subsidiyadan faydalanmaq üçün istehsalçıların Azərbaycanda istehsal xətti qurması şərt kimi irəli sürülə bilər. Bu, həm ölkəyə investisiya axınını artıra, həm də yeni iş yerlərinin yaranmasına şərait yaradaraq ümumi iqtisadiyyata müsbət təsir göstərə bilər.
Yalnız bu halda dövlətin ayırdığı subsidiyalar fermerlər daha münasib qiymətə müasir texnikadan yararlana biləcək və ümumilikdə aqrar iqtisadiyyat dayanıqlı inkişaf yönündə irəliləyəcəkdir.
Aqil Məmmədov