“Ermənistanın Qərbə, Qərbin də İrəvana ehtiyacı var”.
KONKRET.az xəbər verir ki, bu fikir erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb:
“Kiçik Ermənistan təkcə Azərbaycanla deyil, həm də Rusiya və Türkiyə ilə üz-üzə gəlməyə məcburdur. Qərbin Rusiyanın aktivlərini və əmlakını Ukraynaya vermək cəhdlərinə Kreml cavab verəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Rusiyanın əmlakına və aktivlərinə qəsd etmək cəhdləri soyğunçuluq kimi qiymətləndiriləcək və cavabsız qalmayacaq”. O, yalan danışır. Çünki Qərb çoxdan Rusiyanın yüz milyardlarla dollarlıq aktivlərini ələ keçirib. İndi də onların bir hissəsinin Ukraynanın bərpası üçün verilməsi məsələsinə baxılır. Kreml buna qarşı çıxa bilməz. Zaxarovanın ritorikası, sadə dillə desək, boş və əbəsdir. Bir sözlə, söhbət Rusiyada artıq bütün kollektiv Qərbin razılaşdırdığı hakimiyyət dəyişikliyi layihəsindən gedir. Paralel olaraq, Çeçenistan və İnquşetiya hökumətlərinin legitimliyinin tanınması prosesi aparılır”, – Qriqoryan deyib.
“Münhen Təhlükəsizlik Konfransına Rusiya rəsmiləri dəvət edilməyib, amma yerli müxalifət ora dəvət alıb. Münhen konfransı 1962-ci ildən keçirilir, Rusiya 1999-cu ildən bu konfransda iştirak edir. Keçən fevralda, Ukraynaya qarşı işğalın başlamasına iki həftə qalmış Rusiya rəsmiləri forumun “inklüzivliyini və obyektivliyini itirdiyini” bildirərək tədbirdə iştirakdan boyun qaçırdılar. Xatırladım ki, 16 il əvvəl, 2007-ci ilin fevralında Rusiya prezidenti Vladimir Putin orada bir çoxlarının yeni soyuq müharibənin başlanmasının əlaməti kimi qiymətləndirdiyi çıxış edib. Sonra o, ABŞ-ı birqütblü dünya tətbiq etməkdə günahlandırıb və NATO-nun genişlənməsini təxribat adlandırıb. Və beləliklə, indi biz Putin Rusiyasının siyasətindən bezmiş Qərbin nəhayət planetimizdə kimin ağalıq etdiyini göstərmək qərarına gəldiyini görürük. Ona görə də, Ermənistan rəhbərliyi Qərbə doğru addımlarını sürətləndirməlidir”, – deyə Qriqoryan vurğulayıb.
“Bütün sivil dünyanın nəzərində Qərb coğrafi ad deyil, başa düşülən və əbədi dəyərlər toplusudur. Bu, demokratiyadır, millətlərin öz müqəddəratını təyin etmək hüququdur. Ona görə də Ermənistan Rusiyanın boyunduruğundan xilas olmaq üçün Qərbdən dəstək istəyir. Qərb isə bizə kömək etməyə borcludur. Amma Ermənistan rəhbərliyi də Qərbə doğru addımlar atmalıdır. Özü də qətiyyətli və sürətli formada”, – deyə erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az