Xaricdə təhsil xidməti göstərən “Zenith” şirkətinin fəaliyyəti ilə bağlı ciddi narazılıq və suallar yaranıb. Redaksiyaya təqdim edilən məlumata görə, vətəndaşdan xidmət müqabilində ödəniş alınmasına baxmayaraq, tərəflər arasında əvvəlcədən xidmət müqaviləsi bağlanmayıb.
İddialara əsasən, ödəniş rəsmi müqavilə və şəffaf hesablaşma mexanizmi olmadan “kartdan-karta” üsulu ilə həyata keçirilib.
Bu hal bir sıra ciddi suallar doğurur: Vətəndaşdan alınan vəsait hansı hüquqi əsasla qəbul edilib? Ödənişə görə fiskal sənəd və ya qəbz təqdim olunubmu? Məbləğ şirkətin rəsmi dövriyyəsində əks etdirilibmi və həmin vəsait üzrə vergi öhdəlikləri yerinə yetirilibmi?
Əgər kommersiya fəaliyyəti çərçivəsində alınan ödənişlər sistemli şəkildə müqaviləsiz və rəsmi uçotdan kənar formada qəbul edilirsə, bu məsələ artıq sadəcə müştəri narazılığı deyil, vergi və maliyyə şəffaflığı baxımından araşdırılmalı ciddi məsələdir.
Valideyn xidmətdən imtina edir, şirkət isə sonradan link göndərir
Məsələnin daha ciddi tərəfi isə bundan sonra baş verib.
Valideyn şirkət nümayəndələrinə açıq şəkildə bildirib ki, ailə artıq övladını Özbəkistanda təhsil almağa göndərmək istəmir və bu istiqamətdə xidmətə ehtiyac qalmayıb.
Buna baxmayaraq, iddiaya görə, sonradan vətəndaşa qəbul və ya müraciətlə bağlı link göndərilib və bununla şirkət öz öhdəliyini yerinə yetirmiş kimi mövqe nümayiş etdirməyə çalışıb.
Ortaya məntiqli sual çıxır: müştəri xidmətdən imtina etdiyini əvvəlcədən bildirdiyi halda, sonradan göndərilən bir link necə tam xidmət hesab edilə bilər?
Əgər müştərinin iradəsi nəzərə alınmadan yalnız “biz işi görmüşük” görüntüsü yaratmaq məqsədilə formal addım atılıbsa, bu, istehlakçı ilə münasibətlər baxımından son dərəcə problemli yanaşmadır.
Xüsusilə xaricdə təhsil kimi ailələrin minlərlə manat və övladlarının gələcəyi ilə bağlı qərar verdiyi bir sahədə şirkətlərdən maksimum şəffaflıq tələb olunur. Müştəridən əvvəlcə pul alıb, müqaviləni rəsmiləşdirməmək, daha sonra isə xidmətə ehtiyac olmadığının bildirilməsinə baxmayaraq formal hərəkətlə öhdəliyin icra edildiyini iddia etmək normal biznes praktikası kimi təqdim edilə bilməz.
Pul hansı əsasla alınıb?
Burada ən vacib məsələ budur: müqavilə yoxdursa, ödəniş nəyə görə və hansı öhdəliyin müqabilində alınıb?
Normal kommersiya münasibətlərində xidmətin predmeti, qiyməti, tərəflərin hüquq və öhdəlikləri, xidmətin hansı mərhələdə göstərilmiş sayılması, imtina və geri ödəniş şərtləri əvvəlcədən müqavilədə açıq şəkildə göstərilməlidir.
Əks halda şirkət istənilən mərhələdə “biz xidmət göstərmişik” deyə bilər, müştəri isə hansı xidmət üçün pul ödədiyini və hansı hüquqa malik olduğunu sübut etmək problemi ilə üzləşə bilər.
Məhz buna görə “Zenith” şirkəti ilə bağlı səsləndirilən iddialar aidiyyəti dövlət qurumlarının da diqqətini tələb edir.
Ödənişlərin hansı hesablara qəbul edildiyi, həmin vəsaitlərin rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi, müştərilərə fiskal sənədlərin təqdim olunub-olunmadığı və xidmətlərin hansı müqavilə əsasında həyata keçirildiyi araşdırılmalıdır.
Eyni zamanda istehlakçının xidmətdən imtina etməsindən sonra şirkətin hansı hüquqi əsasla ödənişi özündə saxladığına da aydınlıq gətirilməlidir.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Natiq Səlim,
KONKRET.az

