“Kommersant”: ABŞ və Fransa 10 noyabr anlaşmasından narazıdır, bəs Ermənistanla Azərbaycan necə, razıdırmı? – ANALİTİKAbackend

"Kommersant": ABŞ və Fransa 10 noyabr anlaşmasından narazıdır, bəs Ermənistanla Azərbaycan necə, razıdırmı? - ANALİTİKA

Şənbə günü Ermənistanı və Azərbaycanı Rusiyadan gələn çox böyük nümayəndə heyəti – iki baş nazirin müavini, dörd nazir, federal agentliyin rəhbəri ziyarət etdi. Moskvadan gələn yüksək rütbəli qonaqlar iki ölkənin rəhbərliyi ilə 10 noyabr tarixli üçtərəfli barışıq razılaşmalarının həyata keçirilməsinə dair növbəti addımları müzakirə etdilər. Rusiya nümayəndə heyətinin bu səfərləri, Bakı və İrəvanın rəsmi mövqeyi ABŞ və digər Qərb ölkələri tərəfindən sülh planını yenidən yazmaq cəhdlərinin yolverilməzliyinə tutarlı cavab oldu. Amma hər şeyin arxada qaldığını söyləmək hələ tezdir.

Bu arada Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ nizamlanması üzrə həmsədrləri olan ABŞ və Fransa da ziyan görmüş əhaliyə yardım göstərmək niyyətində olduqlarını açıqladılar. Baxmayaraq ki, bu  üçlüyün münasibətləri indi çox da isti deyil. Çünki Vaşinqton və Paris münaqişənin həll yolunu axtararkən Moskvanın onlarsız hərəkət etməsindən narazı qalıb. Baxmayaraq ki, Sergey Lavrov şənbə günü bir daha təkrarladı: Rusiya, Ermənistan və Azərbaycanın 10 noyabrda razılaşdıqları hər şey Minsk Qrupunun üzərində işlədiyi sülh planına uyğundur.

Amma ABŞ və Fransanı narazı salan məqamlar çoxdur.

Birincisi, Minsk Qrupunun planlarına Türkiyənin nizamlanmaya cəlb edilməsi heç zaman daxil olmayıb. Və üç ölkənin prezidentlərinin 10 noyabrda imzalanan bəyanatına görə, atəşkəsə nəzarət  Azərbaycan ərazisindən Türkiyənin iştirakı ilə izləniləcək.

İkincisi, Minsk Qrupunda sülhməramlı əməliyyatdan danışarkən, çoxmillətli bir missiyanı (məsələn, BMT-nin himayəsi altında) düşünürdülər. Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağa daxil olduqdan sonra da ABŞ və Fransa bu fikirlərindən daşınmayıblar.

Təsadüfi deyil ki, Sergey Lavrov cümə günü Vladimir Putinlə görüşündə Rusiyanın sülhməramlı əməliyyatın mahiyyətini dəyişdirmək və üçtərəfli razılaşmaların tətbiqini ləngitməyi təklif edib. Prezidentin isə bu təklifə cavabı belə olub: “Bunu etməyə çalışan insanlar anlamalıdırlar ki, yalnız bir alternativ ola bilər – müharibə”. Vladimir Putin daha sonra deyib ki, “Allah qorusun, müharibə baş verərsə, qurbanların qanı o dövlətlərin əllərində qalacaq”.

Bunun ardınca İrəvan və Bakıdakı danışıqlardan sonra keçirilən brifinqdə Sergey Lavrov inamla “10 noyabr razılaşmalarını şübhə altına alma cəhdləri uğurla nəticələnməyəcək”, – deyə bildirib. Onun sözlərinə görə, Rusiya qan tökülməsini ən qısa müddətdə dayandırmağa çalışıb və “kiminsə geosiyasi ambisiyaları üzündən” atəşkəsin pozulmasına imkan verməyib.

Rusiya Xarici İşlər nazirinin açıqlamalarından belə çıxır ki, Ermənistan və Azərbaycanlı  həmkarları da  indiki sülhdən razıdırlar.

Danışıqlar zamanı Ermənistan və Azərbaycan hakimiyyəti 10 noyabrdakı razılaşmanı həqiqətən şübhə altına almadı. Ancaq İrəvanda onlar haqqında məcburi tədbir olaraq daha çox danışırdılarsa, Bakıda bu, bir nailiyyət kimi qeyd edilir. Eyni zamanda, hər iki tərəf atəşkəsə çatmaqda göstərdiyi köməyə görə Rusiyaya minnətdar olmaqdan yorulmadan danışır. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin vətəndaşlarının “çətin bir dövrdə, xüsusən son aylarda Rusiyanın dəstəyini hiss etdiklərini” deyib. İrəvan Moskva ilə hərbi-texniki sahə də daxil olmaqla, əməkdaşlığın dərinləşməsinə ümidvardır: “Hərbi əməliyyatların ilk günlərində Ermənistan Rusiya rəhbərliyinin və şəxsən Vladimir Putinin səylərinin hərbi əməliyyatların dayandırılmasına yönəldiyini bilirdi. Bu bir daha sübut edir ki, həqiqi dostluq çətin günlərdə özünü göstərir”- deyə Ermənistan prezidenti Armen Sarkisyan Moskvalı qonaqları qəbul edərkən deyib.

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı üçtərəfli bəyanatı “bölgədə davamlı və uzunmüddətli sülhün bərqərar olması istiqamətində atılan mühüm addım” adlandırıb. Və Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi olmadan bunu bağlamaq mümkün olmadığını vurğulayıb: “Vladimir Putin müqavilənin mətninin hazırlanmasında fəal, səmərəli iştirak etdi və bu razılaşmanın uğurlu icrası böyük ölçüdə mətnin Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmasından asılıdır”.

Lakin İrəvan və Bakı küçələrində əhval-ruhiyyə bir qədər fərqli idi. Baş nazir Paşinyanın istefası tələbi ilə şənbə günü Ermənistanın paytaxtında daha bir mitinq keçirildi. Müxalifət əmindir ki, üçtərəfli sülh planını imzalayaraq Paşinyan ölkəsinin maraqlarını təslim etdi.

İrəvan küçələrində Ermənistanın və tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın bayraqları şəhərin hər yerinə asılıb. Rusiya bayraqları nəzərə çarpmır. 10 noyabr anlaşmasından böyük ölçüdə razı qalan Bakı küçələrində də üçrəngli rus bayrağı görünmür. Azərbaycan bayraqlarının yanında daha çox Türk bayraqları asılır.

Göründüyü kimi, 10 noyabr anlaşmasında Rusiyanın rolunu İrəvan və Bakının rəsmi dairələri  yüksək qiymətləndirsə də, yerli sakinlər bunu o qədər də təqdir etmir. Rusiyanı sevməyənlərin narazılığından 10 noyabr sülh anlaşmasında oyundankənar qalan ABŞ və Fransa yəqin ki, faydalanmağa çalışacaq. İstəklərinə nə qədər nail olacaqlarını isə zaman göstərəcək.

“Moskovskiy komsomolets” 22 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

  • Çingiz Rzayev
    Noyabr 22, 2020 - 15:41

    Bu terroru dəstəkləyən alçaq fransa əvvəlcə öz keçmişinə baxsın.Əlcəzairdə Ruanda da soyqırım etdilər. Afrikada ölkələrin əksəriyyətini iflic ediblər.
    Bu tülkülər 1992-ci illərdə niyə səsini çıxartmırdı. Xocalı Soyqırımını görmürdülər? Hələ bunlar guya səviyyəsiz minsk qrupunun həmsədr ölkəsidir. ermənilər də soyqırımı elə fransadan öyrəniblər. Fransa ilə bütün müsəlman ölkələrinin və Türk dünyasının bütün əlaqələri kəsilməlidir. Terrora dəstək verən ölkə özü elə terror dövlətidir. Əsas səbəb də odur ki fransada 500 min erməni yaşayır.
    Bu şərəfsiz fransızlar onlarda səs almaq üçün belə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*