KTMT rəhbərliyi Qafqazda xarici güclərin təsirinin artmasının regionda gərginliyi yüksəldə biləcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini Valeri Semerikov Qafqaz regionunda Türkiyə, ABŞ və Avropa İttifaqının təsirinin artmasının gərginliyi yüksəldə biləcəyini bildirib.
Semerikov MDB ölkələrinin antiterror qurumlarının rəhbərlərinin XIX müşavirəsində çıxışı zamanı qeyd edib ki, Qafqaz regionunda münaqişə potensialı hələ də yüksək olaraq qalır.
Onun sözlərinə görə, dünyada hərbi-siyasi vəziyyətin dəyişməsi fonunda KTMT-nin məsuliyyət zonasına yeni çağırışlar və təhdidlər meydana çıxır. O bildirib ki, təşkilatın qərb sərhədlərində vəziyyət xüsusilə gərgin olaraq qalır.
KTMT rəsmisi həmçinin Avropa ölkələrində hərbi xərclərin artdığını vurğulayaraq, bunu təhlükəsizlik mühitinə təsir göstərən amillərdən biri kimi qiymətləndirib.\\Musavat.com
