Kreml ayrı-ayrı rusların Ermənistana girişinə qadağa qoyulmasına mənfi yanaşır.
KONKRET.az xəbər verir ki, bu barədə cümə günü Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, jurnalistlərin ayrı-ayrı media menecerləri və deputatlarının Ermənistana girişinə qadağa qoyulması məsələsinə Kremlin necə münasibət bəslədiyi sualına cavab verib.
Peskov bildirib ki, ayrı-ayrı media menecerləri və Rusiyadan olan deputatların Ermənistana girişinə qadağa qoyulmasına Kreml mənfi münasibət bəsləyir.
“Açığı, biz buna mənfi yanaşırıq. Ermənistan bizim böyük dostumuz, müttəfiqimiz, strateji tərəfdaşımızdır. Təbii ki, ikitərəfli münasibətlərin səviyyəsi və xarakteri bizi bu münasibətləri belə hallardan qorumağa məcbur edir”, – Putinin sözçüsü deyib.
Peskov Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərin “yaxın gələcəkdə belə hallardan azad olacağına” ümid etdiyini də bildirib.
Xatırladaq ki, martın 7-də İrəvanın Zvartnots hava limanında Rusiyanın tanınmış media meneceri və jurnalist Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib. Bundan əvvəl RT telekanalının baş redaktoru Marqarita Simonyan və Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulinin ölkəyə girişi qadağan edilib.
Xuraman Etibarlı,
KONKRET.az
