Brüssel görüşündən sonra Ermənistanda siyasi vəziyyət daha da gərginləşib. Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı ilkin razılıq Ermənistanda kəskin etirazlara səbəb olub. Paytaxt İrəvanda kütləvi etiraz aksiyalarının arealı günü-gündən genişlənməkdədir.
Bu günlərdə Moskvaya səfər edən baş nazir Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarını Ermənistana göndərməyi xahiş edib. Məlumatlara görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib. Mənbələrin məlumatına görə, Paşinyana rədd cavabı verilib. O, Putinlə görüş üçün beş saat gözlədi, lakin sonda problemini rus hərbçilərinin köməyi ilə həll etməyə razılıq almayıb
Maraqlıdır, KTMT-ə müraciət edən Paşinyanın əsl məqsədi nədir? Təşkilat onun bu istəyinə niyə rədd cavabı verib?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Elçin Mirzəbəyli cavablandırıb. O bildirib ki, kənar qüvvələrin Ermənistana dəvət edilməsi üçün ciddi əsas yoxdur:
“Ola bilsin ki, Ermənistanda keçirilən etirazların arxasında məhz KTMT-nin Ermənistana dəvət edilməsi faktoru dayanır. Çünki etirazçı qüvvələr mahiyyət etibarilə Rusiya tərəfindən idarə olunan qüvvələrdir. Vaxtilə Robet Koçaryan və Serj Sarkisyan Rusiya ilə yaxından və sıx əməkdaşlıq edib və bu şəxslərin Moskvaya bağlılığı hər kəsə bəllidir. Mahiyyət etibarilə bugünkü etiraz aksiyalarının miqyasına və ictimai təhlükəlilik faktorlarına diqqət etsək görərik ki, kənar qüvvələrin Ermənistana dəvət edilməsi üçün ciddi əsas yoxdur. İndiki halda bu sadəcə bəhanədir. Qazaxıstanda baş verən proseslər az da olsa inandırcı bəhanə idi. Lakin Ermənistanda vəziyyət Qazaxıstandan fərqlidir”.

Politoloqun fikrincə, KTMT qüvvələrinin Ermənistana gəlməsi ilə heç nə dəyişən deyil:
“Onsuz da Rusiyanın Ermənistanda hərbi bazası var. KTMT əslində mahiyyət etibarilə Rusiya deməkdir. Bu mənada Gümrüdəki bazadan Ermənistandakı aksiyaların “nəzarət”ə götürülməsi üçün istifadə edilə bilər. Hesab edirəm ki, iğtişaşların qarşısını almaq üçün ölkədə hərbi rejimin formalaşdırılması istiqamətində addımlar atılacaq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
