Avropa Komissiyasının Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı son şərhinə uyğun olaraq ölkəyə daxil olan rus avtomobilləri gömrük orqanları tərəfindən müsadirə edilməlidir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litvanın daxili işlər naziri Aqne Bilotayte deyib.
Nazirin sözlərinə görə, buna nəzarəti gömrük orqanları təmin edəcək.
Xarici İşlər Nazirinin müavini Yovita Nelyupşene bildirib ki, sanksiyalar həm Rusiya qeydiyyatında olan, həm də Rusiya nömrə nişanlı avtomobillərə şamil ediləcək.
O əlavə edib ki, bu sanksiyalar təkcə Rusiya deyil, bütün Aİ vətəndaşlarına şamil edilir.
Nazir müavininin sözlərinə görə, sanksiyalar Kalininqraddan tranzitlə gedənlərə şamil edilmir. Lakin onların tranzit vizası və ya avtomobilin Kalininqraddan getdiyini təsdiq edən digər sənədi olmalıdır.
O qeyd edib ki, Avropa Komissiyası bu açıqlamanı ötən cümə günü verdiyi üçün dərhal tətbiq edilməlidir.
İqbal Rzayev,
KONKRET.az