Azərbaycanda icra başçılarının həyat tərzi, malik olduqları əmlaklar və korrupsiya ittihamları uzun illərdir ictimai müzakirələrin əsas mövzularından biri olaraq qalır. Xüsusilə, sosial problemlərlə üzləşən vətəndaşlar arasında bu məsələlər ciddi narazılıq doğurur.
Bəs rayon rəhbərlərinin qanunsuz varlanmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda icra başçılarının yaşam tərzi hər zaman diqqət mərkəzində olub:

“Vətəndaşların sosial çətinliklərdən əziyyət çəkdiyi bir dövrdə bəzi məmurların dəbdəbəli həyatı haqlı narazılıqlara səbəb olur. Zaman-zaman “kiçik padşahlar” adlandırılan icra başçılarının rayonlarda yol verdikləri özbaşınalıqlar və qanun pozuntuları gündəmə gətirilib. Son beş ildə bir sıra rayon rəhbərləri haqqında ciddi hüquqi qərarlar qəbul edildi, onların bəziləri həbs olundu. Aparılan əməliyyatlar zamanı seyflərdən külli miqdarda pul vəsaitlərinin çıxması cəmiyyətdə təəssüf hissi yaratdı”.
Siyasi şərhçinin sözlərinə görə, bəzi sabiq icra başçılarının səhhətləri ilə bağlı vaxtından əvvəl azadlığa buraxılması müzakirələrə səbəb olub:
“Ağstafa və Yevlaxın keçmiş icra başçılarının səhhətində ciddi problemlərin olması sonradan təsdiqləndi və onlar ağır xəstəlik səbəbindən vəfat etdilər. Lakin digər hallarla bağlı cəmiyyətdə suallar qalmaqdadır.
Ən yaxşı halda onlara 7-8 il azadlıqdan məhrumetmə cəzası verilir. Halbuki illərlə idarə etdikləri rayonlarda mənimsənildiyi iddia olunan milyonlarla vəsaitin yanında bu müddət çox az görünür.
Əmlakların müsadirəsi də tam şəkildə həyata keçirilmir. Nəticədə həmin şəxslər və ailələri uzun illər lüks həyat tərzini davam etdirmək imkanına malik olurlar”.
Ekspert problemin həlli üçün regional idarəetmə modelinin tətbiqini təklif edib:
“Dəfələrlə təklif etmişik ki, regional icra hakimiyyətləri yaradılsın. Məsələn, bir regional mərkəz bir neçə rayonu əhatə edə bilər. Hər rayona ayrıca icra başçısı təyin edilməsinə ehtiyac yoxdur. Bu model həm idarəetmənin səmərəliliyini artırar, həm də korrupsiya risklərini azaldacaq”.
Siyasi şərhçi qeyd edib ki, rayon rəhbərlərinin rəsmi maaşları ilə malik olduqları sərvətlər arasında ciddi fərqlər müşahidə olunur:
“İcra başçılarının maaşı qanunla müəyyənləşdirilib. Buna baxmayaraq, bəzi hallarda onların müxtəlif rayonlarda və paytaxtda dəbdəbəli villalara, bağ evlərinə, hətta xarici ölkələrdə bahalı əmlaklara sahib olduqları barədə məlumatlar yayılır. Bu məsələlər daim ictimai nəzarətdə saxlanılmalıdır”.
Cavanşir Abbaslı əlavə edib ki, son dövrlərdə bəzi icra başçılarının ailə üzvləri ilə bağlı yayılan məlumatlar da cəmiyyətdə ciddi rezonans doğurub.
Bu mövzu gündəmdən çıxmamalıdır. Dövlət qurumları daha təsirli tədbirlər görməli, şəffaflıq və hesabatlılıq mexanizmləri gücləndirilməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
