“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. Yasamal Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində olan 13 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Abid Qafarovun həbsi tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddia Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rauf Daşdəmirovun sədrliyilə keçirilən iclasda hökm çıxarılıb. Hökmə əsasən, o, 1 il müddətinə həbs edilib.
Xatırladaq ki, Abid Qafarova qarşı iddia qaldıran 7 nəfər müharibə veteranı ərizəsində göstərib ki, təşkilat rəhbəri qaziləri təhqir edib, onları “müti” adlandırıb. İddiaçıların sayı əvvəl 7 nəfər olsa da, sonradan onlardan dördü şikayəti geri götürüb.
Abid Qafarov isə bu iddianı əsassız sayır. O, barəsində olan hökmdən apellyasiya şikayəti verib.
