Məhkəmə həmkəndlisi döyən şəxslə bağlı qərarı açıqladıbackend

Məhkəmə həmkəndlisi döyən şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zahid Hətəmovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Zahid Hətəmov 2015-ci ildən etibarən Lənkəran rayonunun Boladi kəndi ərazisində özünə məxsus 2 hektar torpaq sahəsinə bitişik, Boladi bələdiyyəsinin istifadəsində olan 4,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq zəbt edib. Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, o, həmin torpaq sahəsini müvafiq hüquqi əsas olmadan dəmirdən hazırlanmış tikanlı məftillə hasarlayaraq öz istifadəsinə götürüb və orada kartof, buğda, arpa, qarğıdalı və çiyələk əkib-becərib.

Bundan başqa, Zahid Hətəmov 2022-ci ildə yaşadığı kənd ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi ilə torpaq sahəsi və su kanalında qurulmuş çəpərlə bağlı yaranmış mübahisə zamanı fiziki qarşıdurmaya yol verib. Belə ki, o, zərərçəkmiş N.N.-i (adı, soyadı şərtidir) qəsdən itələyərək yerə yıxıb və nəticədə sonuncu sağ bazu sümüyünün aşağı hissəsində sınıq xəsarəti alıb. Məhkəmə-tibbi ekspertiza həmin xəsarəti sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır xəsarət kimi qiymətləndirib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 188.3-cü (torpaq sahəsini özbaşına tutma) maddələri ilə təqsirli bilinib. Zahid Hətəmova 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunub. Həmçinin, onun şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınaraq cəzadan çıxılıb.

Hökmdən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarla birinci instansiya məhkəməsinin hökmünü qismən dəyişdirib. Belə ki, məhkəmə Zahid Hətəmovun əməlində sağlamlığa az ağır zərər vurma cinayətinin tərkibini sübuta yetirilməmiş hesab edərək bu epizod üzrə ona bəraət verib. Bununla yanaşı, onun torpaq sahəsini özbaşına tutma ilə bağlı təqsiri qüvvədə saxlanılıb və həmin maddə üzrə təyin olunmuş cəza dəyişdirilməyib.

Apellyasiya instansiyası həmçinin cəzaların məcmusu üzrə təyin edilməsi ilə bağlı müddəaları hökmdən çıxarıb və nəticədə məhkuma 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Şübhəli şəxs qismində saxlanıldığı müddət yenidən hesablanaraq yekun cəza 2 il 11 ay 26 gün müəyyən edilib.

Daha sonra Lənkəran rayon icra və probasiya şöbəsinin qərarı ilə Zahid Hətəmova tətbiq edilmiş cəza üzrə dəyişiklik edilib. Belə ki, Milli Məclisin 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə elan etdiyi amnistiya aktına əsasən o, azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.

Bununla yanaşı, iş üzrə yekun qərardan narazı qalan müdafiə tərəfi kassasiya şikayəti ilə çıxış edib və Şirvan Apellyasiya Məhkəməsinin müvafiq hökmünün yenidən nəzərdən keçirilməsini xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*