“Mənə qarşı çox böyük qarayaxma kampaniyası həyata keçirilir, guya mənə yüksək vəzifə verilib, istəməmişəm. Yüksək vəzifə kimə verilsə, getməz? Çox absurddur. Akademik Milli Dram Teatrı müraciətimə cavab verib ki, ştat yoxdur. Bu, bəhanədir. Qərəzli şəkildə məni işə bərpa etmək istəmirlər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova bildirib.
Aktrisa qeyd edib ki, 28 ildir, Akamedik Milli Dram Teatrında işləyib və səbəbsiz yerə başqa teatrlara getmək istəmir: “Mən o teatra can qoymuşam, ayağım da burxulub, sınıb, xəstələnmişəm, yaxınım vəfat edib, amma tamaşa oynamışam. Bunu tamaşaçı bilməyib ki? Razıyam ki, Akademik Milli Dram Teatrında aktrisalıq ştatı yoxdursa, məni xadiməlik ştatına götürün, xadiməliyimi edim, həm də səhnəmə qovuşum. Təki mən öz doğma teatrımda işləyim, başqa teatra sürgün etməyin. Məmur özbaşınalığını işıqlandırdığım üçün sındırmaq, alçaltmaq məqsədilə başqa teatrlardan birinə göndərirlər ki, deməsinlər ki, Mehriban xanım işıqlandırdı, sonra da paşalar kimi öz teatrına geri döndü. Bu o demək deyil ki, başqa teatrları bəyənmirəm, bütün teatrlar bizimdir, sadəcə, məni Ulu Öndər Heydər Əliyev o teatrda görüb bəyənib, istedadımı yüksək qiymətləndirib, Əməkdar artist fəxri adı verib. Bu səhnədə mənə o ad verilibsə, indiki vəziyyətdə niyə başqa teatra göndərilməliyəm? Mən nə etmişəm? Kollektivimi öldürmüşəm, teatra bomba qoymuşam? Hansı bir cinayəti törətmişəm ki, teatrıma qaytarmırlar və bəhanə edirlər ki, ştat yoxdur. Ştat bəhanədir, qərəzli şəkildə məni sındırmaq məqsədilə ortaya atıblar”.
M.Xanlarovanın sözlərinə görə, teatrdakı işinə bərpa edilmədiyi üçün hazırda “Şükriyyə” tamaşasında Zöhrə obrazı da ləğv edilib: “Deyirlər ki, gələcəkdə layihələrdə oynamağı təklif edərik. Hazırda gedən tamaşada obrazı niyə ləğv edirsiniz? Məni çağırardınız, oynayardım, pul verərdiniz. Məni o həddə çatdırmaq istəyirlər ki, açım sandığı, töküm pambığı… Hələlik susuram. Çünki mən, kar, lal anam Prezidentə müraciət edib. Bu, səssiz qala bilməz. Deyirlər, öz istəyim ilə çıxmışam, yalandır. Dediyimiz yalandırsa, araşdırılsın görək həmin xətt mənə məxsusdur, ya yox… Latın dilində yazmağı bacarmıram. Ərizə isə latın dilində yazılıb. Özlərinə sərf edən formada yazdılar, mənə də imza çəkdirdilər”.
