Azərbaycanda tanınmış iş adamı, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov özünün facebook səhifəsində bildirib ki, İtaliyanın Milan şəhərində keçiriləcək rəssamların beynəlxalq sərgisində Azərbaycanlı rəssam da qatılacaq.
KONKRET.az Elnur Camalxanovla əlaqə saxlayıb. O saytımıza bunları açıqlayıb:
“Həmsədrlərindən olduğum Neapol-Bakı Assosiasiyasının bir diaspor təşkilatı kimi fəaliyyətindən xəbərdarsız. İstər İtaliyada, istərsə də Azərbaycanda təşkil etdiyimiz bir çox tədbirlər barədə məlumatlısınız. Hər bir tədbirimizdə çalışırıq yalnız bu gün üçün deyil, gələcəyə hədəflənən mövqe tutaq. Qismən də olsa, bəhrəsini görməkdəyik.
Milan rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu, uzun illərdir İtaliyada yaşayıb rəssamlıq fəaliyyəti ilə məşğul olan Elay Lİ (Məmmədov) ilə İtaliyadan başlayan tanışlığımız peşəkar fəaliyyətimizə də ortaq oldu. Əsərləri ilə tanış olduqca qürurlanırdım. Çünki Elay dünya mədəniyyət tarixinin zəfər səhifəsi sayılan İtaliya incəsənətinə çox yaxın bir məsafədə idi. Sadəcə üzə çıxması üçün kiçik bir dəstəyə ehtiyac duyulurdu. Ona ilk fürsətdəcə kömək edəcəyimizə və sərgilərinin təşkillinə köklənəcəyimizə söz vedim. Onu beynəlxalq ictimaiyyətə və dünya incəsənətinə tanıtmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə təşkil etdiyimiz ilk tədbir gözlədiyimiz nəticəni verdi. Elayın 2019-cu il Sentyabr ayının 18-də Neapolun məşhur “Palazzo Fondi” rəsm qalareyasında baş tutan fərdi sərgisi bütün iştirakçılar tərəfindən maraqla qarşılanmaqla yanaşı gənc rəssamımızın peşəkar fəaiyyətində də əvəzsiz rol oynadı. Sərgiyə qədər yaşadığımız bütün çətinliklərə – təyyarənin gecikməsinə görə 12 saaat hava limanında qalmağım, əsərlərin 850 km-lik məsafəyə (Milan-Neapol) daşınması üçün ortaya çıxan ciddi maneələr və bu maneədən (birdən tədbir baş tutmaz deyə) doğan stress, salonun tərtibatı zamanı hər birimizin (Assosiasiyanın prezidenti Cüzeppe Kanilya daxil) əlimizdə çəkic, mıx və təmizlik vasitələri ilə fəhlə kimi işləməyimizə rəğmən heç ruhdan düşmədik. Əksinə, daha da böyük həvəs göstərirdik. Çünki ölkəmizin, Vətənimizin, dövlətimizin adına görülən bir iş idi. Dostumuz Giuseppe Caniglianın doğma münasibəti də Azərbaycana olan sevgisindən qaynaqlanırdı. Sərginin məhz Cüzeppe Kanilyanın birbaşa köməkliyi ilə Artribune və Exhibart kimi beynəlxalq nüfuzlu mətbu orqanlarda işıqlandırılması Elay üçün yeni imkanlar və üfüq xətti açdı. O, bir çox nüfuzlu sərgilərə dəvət almağa başladı. Buyurun, dəvətlərdən biri.
İyul ayında Milanda keçiriləcək tanınmış və tanınmaqda olan rəssamların beynəlxalq sərginin əsas hissəsində (İki hissədən – Əsas və yardımçı hissələrdən ibarət olacaq) Elay Linin də adını görə bilərsiz. Sərgi zamanı İtaliya, Almaniya, İngiltərə, Hollandiya, Belçika, Çin,Yaponiya, Koreya və digər ölkələrin müxtəlif üslublarda işləyən rəssamları öz əsərlərini nümayiş etdirəcəklər. Elay bu nüfuzlu sərgidə məhz Azərbaycanın incəsənət dəyərlərini təbliğ edəcək. Sevindirici haldır ki, Elayın əsərləri İyulun 17-dən 29-dək İtaliyanın nüfuzlu sənətkarları Arnaldo Pomodoro, Michelancelo Pistoletto, Valerio Adami kimi rəssamlarla eyni hissədə sərgilənəcək. Elaya hər zaman dəstək olaq. Faydasını illər, bəlkə də yüz illər sonra görəcəyik. İnanıram ki, mütləq görəcəyik.
