“Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib. Gəldiyi zaman ağır şok vəziyyətində idi. Huşu özündə deyildi”.
KONKRET.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib.
“Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür. Bütün ixtisas həkimləri xəstəmizin müalicəsinə cəlb olunub. Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.
Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.
12:37
Xəbər verdiyimiz kimi, dünən gecədən komaya düşən Qənirə Paşayevanın Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir.
KONKRET.az xəbər verir ki, onun vəziyyəti stabil ağırdır. Süni nəfəs aparatına qoşulduğu deyilir.
Onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub.
İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem pəhrizə bağlı qəbul etdiyi dərmanlara görədir.
11:58
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
KONKRET.az RTV-yə istinadən xəbər verir ki, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.
Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
