Yanvarın 7-də Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu barədə Daxili İşlər Nazirliyinin ərazi orqanına bildiriş təqdim etməsi tələbi qüvvəyə minib.
KONKRET.az xəbər verir ki, yenilik göstərilən tarixdən iş üçün patent alacaq şəxslərə şamil edilir. Təsdiq edilmiş bildiriş forması hüquqi aktların internet saytında yerləşdirilib.
Qeyd edək ki, 2023-cü ilin iyulunda Rusiya hakimiyyəti xarici vətəndaşların hüquqi statusu haqqında qanuna dəyişikliklər qəbul edib. O cümlədən, 13.3-cü maddəyə patent alındıqdan sonra iki ay müddətində işə qəbul haqqında bildirişin Daxili İşlər Nazirliyinə göndərilməsi tələbi əlavə edilib. Sənədə işin görülməsi və ya xidmətlərin göstərilməsi üçün əmək müqaviləsinin və ya mülki müqavilənin surəti əlavə edilməlidir. Əgər mülki müqavilə şifahi bağlanıbsa, bu, bildirişin özündə göstərilməlidir.
Sənəd patenti vermiş Daxili İşlər Nazirliyinin orqanına şəxsən təqdim oluna və ya alınması barədə bildirişlə adi poçtla göndərilə və ya dövlət xidmətləri portalı vasitəsilə elektron sənəd formasında göndərilə bilər.
Bu öhdəliyi yerinə yetirmədikdə, verilmiş patent ləğv edilir.
Xüsusi QEYD: Rusiyada işləmək üçün patenti Özbəkistan, Tacikistan, Moldova, Azərbaycan vətəndaşları, həmçinin Latviya və Estoniya sakinləri almalıdırlar. Sənəd bir aydan on iki aya qədər müddətə verilir. Etibarlılıq müddəti bir ay müddətinə – əməkçi miqrant sabit avans şəklində fərdi gəlir vergisini ödədikdən sonra dəfələrlə uzadıla bilər. Bu halda, uzadılmalar nəzərə alınmaqla patentin ümumi qüvvədə olma müddəti patentin verildiyi tarixdən on iki aydan çox ola bilməz.
Yeri gəlmişkən, bu il ən bahalı patent Yakutiyada – 12 957 rubl, ən ucuzu Çeçenistanda – 2 880 rubl olacaq. Moskva və Moskva vilayətində ödəniş məbləği 7500 rubl, Sankt-Peterburq və Leninqrad vilayətində 4400 rubl müəyyən edilib.
Natiq Səlim,
KONKRET.az
