Mircəfər Bağırovu heyrətləndirən aktyor – Əliağa Ağayevin qeyri-adi ÖLÜMÜbackend

Mircəfər Bağırovu heyrətləndirən aktyor - Əliağa Ağayevin qeyri-adi ÖLÜMÜ

O, yayın istisində ictimai nəqliyyatda  gənc bir oğlanın qəzəblə axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il bir ali məktəbdən kəsirlərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qazanmaq üçün iş tapmazsa, əlbəttə, tökər. Soruşanın məşəqqətli uşaqlığı və gəncliyi düşür yadına. Oğlanı yanına salıb indicə kəsilib çıxdığı ali ocağa aparır. Onun xahişi ilə gənci həmin ali məktəbin gecə şöbəsinə qəbul edib, gündüzlər isə elə həmin institutun tələbə yataqxanasında qarovulçu kimi işə götürürlər.  O vaxtlar sənətkara belə hörmət vardı.
Atasını 1918-də ermənilər qətlə yetirib

Hələ 2 yaşında olanda anasını itirmişdi. 5 yaşında, 1918-ci ildə atasını ermənilər qətlə yetirib. Atası Qazaxdan, anası Tiflisdən idi. Atası anasını qaçırtmışdı, sonra isə Tiflisə köçmüşdülər.

1918-ci ildə ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı soyqırımına başlayanda onlar qaçıb Azərbaycana gəlirlər, amma bilmirdilər ki, eyni hadisələr Bakıda da cərəyan edir.

O vaxt Əliağanın cəmi beş yaşı vardı. Üç qardaş idilər, çox çətinliklərlə boya-başa çatdılar.

7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir ki, çörək pulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır.

Elə ilk günlərdən dram dərnəyi rəhbəri onun istedadını sezir. Oynadığı obrazlar tezliklə zavod kollektivinin, sonra Bakı camaatının diqqətini çəkir, onlarda maraq yaradır.

Bu minvalla Əliağa hələ çox gənc yaşlarından Gənc Tamaşaçılar Teatrının truppasına gəlib çıxır.

Onu Mirzəağa Əliyev kimi sənətkar bəyənir, ştata götürülməsinə nail olur.

O vaxtdan bu teatrın afişasına yeni, həm də ətrafına tamaşaçı toplaya biləcək bir imza yazılır – Əliağa Ağayev.

Gənc Tamaşaçılar Teatrının özülünü qoyanlardan biri olan aktyor az bir zamanda oynadığı obrazlarla, istedadı və xoş xasiyyəti ilə hamının sevimlisinə çevrilir. Kollektivin gənc qızları arasında onu sevənlər də az deyildi, amma Əliağanın gözü onlardan birini tutmuşdu.

Gənc aktrisa Cəvahir İsgəndərova ilə səhnədə tərəf müqabili idilər. Məhəbbətlərinin özülü elə səhnədə qoyuldu.  Ağadadaş Qurbanov bir gün onların münasibətlərindən xəbər tutub Əliağanı yanına çağırır. Deyir ki, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdəndirsə gecikmə, yaxınlaş”.

Ürəyini qıza açmağa cəsarət eləməyən gənc bu sözlərdən sonra qəti addım atıb Cəvahirlə evlənir.

Uşaqları dünyaya gələndən sonra Cəvahir xanım evdə oturmalı olur, Əliağa uşaqları ona etibar edib özü sənətin zirvələrinə doğru keşməkeşli yola çıxır.

Onun da oynadığı “Hacı Qara” tamaşasına Mircəfər Bağırov baxır. Tamaşadan sonra Bağırov Əliağanı yanına çağırtdırır. Əliağanın qardaşı Mirzəağa 1937-də ildə repressiyaya uğramışdı. Bunu nəzərə alan aktyor kəfənini boynuna salıb Mircəfər Bağırov qəbuluna yollanır. Sən demə, Mircəfər Bağırov onu çağırtdırıb ki, oynadığı obrazdan heyranlığını ifadə etsin. Deyib ki, çox bəyəndim. Fəxri adının olub-olmamağını da soruşub. Bir müddətdən sonra Əliağa Ağayevə əməkdar artist fəxri adı verilib. Sonra da xalq artisti olub.  Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə xalq artisti Əliağa Ağayev idi.

SSRİ xalq artisti fəxri adı verilməsi üçün aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Hər dəfə bu söhbətdən yumorunu işə salmaqla yayınan aktyor ömrünün sonuna qədər nə partiyaya  daxil olub, nə də SSRİ xalq artisti adı üçün cəhd göstərib.

“O, olmasın, bu olsun” filmindən sonra Əliağa Ağayevi hamı tanıyırdı, amma adı ilə deyil, oynadığı obrazla, Məşədi İbad kimi.

Aktyorla birgə çox tamaşalar hazırlayan rejissor Ağakişi Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazarda itib: “Dedilər, bu harada ola bilər? Hərləndim bazarı gördüm ki, bir yerdən səsi gəlir. Gördüm ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim bu nədir gətirmisən? Dedi tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər”.

Mirzəağa Əliyev dünyasını dəyişəndən sonra bir gün Şıxəli Qurbanov Əliağa Ağayevi çağırıb deyir ki, sən “Azdrama”nın səhnəsinə lazımsan.

Əliağa Ağayev əşyalarını götürmək üçün doğma teatrına gələndə Gənc Tamaşaçılar Teatrının ilk aktyorlarından biri Süleyman Ələsgərov qəmə qərq olur: “Sən bu teatrın qapısına qıfıl vurub gedirsən, buranın tamaşaçıları bundan sonra “Azdrama”ya gedəcəklər”.

Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.

Saqqalının üstündə isə günlərlə özü işləyib, nəhayət təbii göründüyünü hiss edəndən sonra çəkilişə razılıq verib.

Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.

Onun teatrın bufetinə girməyi yetərmiş ki, bütün aktyorlar başına yığışsın. Deyib-gülməyi, yeyib-içməyi çox xoşlayırmış, elə bunun da güdazına gedir.

Heç vaxt şəxsi işləri üçün kimdənsə xahiş etməyi xoşlamayıb.

Bir qızı, iki oğlu vardı. Deyirdi, bir rollarım, bir də övladlarımdır həyatdakı qazancım. Sənətini də çox sevərdi, amma övladlarının bu sənətə gəlməsinə razı olmazdı. Oğlu Vaqif ondan gizlin o vaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmuşdu. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan Vaqif  Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib həqiqəti etiraf etmişdi. Vaqif Ağayev çox istedadlı rejissor oldu. Musiqili Komediya Teatrının səhnəsində  şöhrət qazanan “Hicran” tamaşasına o quruluş vermişdi. Hayıf ki, həyatdan vaxtsız köçdü.

Əliağa Ağayev isə sağlam adam idi. Səhnədə, yeyib-içməkdə, çəkilişlərdə keçdi ömrü. Son illər, yəni ömrünün axırlarında səhhətində bəzi narahatlıqlar olub, bu da yaşın göstəricisi idi.

Çəkildiyi son “Evlənmək istəyirəm” filminin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik: “Dedim ki, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü,  çəkdik, çəkilişdən sonra təcili yardımla getdi”.

Amma ondan sonra  neçə-neçə çəkilişlərdə, tamaşalarda oldu Əliağa Ağayev.

Yetmiş yaşı ərəfəsində, yubileyqabağı dostlarıyla kafedə oturub deyib-gülürmüşlər. Əliağa Ağayev danışdığı lətifəyə ətrafdakılarla birgə ürəkdən gülüb. Necə ürəkdən gülübsə ürək damarı partlayıb.  Dostları elə biliblər ki, zarafat edir, baxıblar ki, yox, kişi dünyasını dəyişib.

Bu hadisə 3 noyabr 1983-cü ildə olub…


Ramilə Qurbanlı,
“33 pərdəli dram”

(modern.az)

Bir cavab yazın