Aİ Avropa Şurası prezidentinin mətbuat katibi Şarl Mişelin Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşün yekunları ilə bağlı bəyanatına aydınlıq gətirən informasiya yayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat xarici mətbuatda yer alıb.
“Ermənistan və Azərbaycan arasında son gərginlik kontekstində Prezident Şarl Mişel Aİ-nin regionun təhlükəsizliyi, sabitliyi, sülhü və rifahı, Cənubi Qafqazda yaşayan insanların inkişafı naminə hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha təsdiqlədi.
O, mayın 24-də hər iki ölkənin sərhəd komissiyalarının ilk tarixi iclasını alqışladı və delimitasiya danışıqlarının davam etməsi üçün Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Prezident Mişel daha geniş şəkildə qeyd etdi ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin davamlı normallaşması üçün gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli sürülməsi və münaqişənin əsas səbəblərini aradan qaldırmaq da daxil olmaqla, bütün həll edilməmiş məsələlərin həlli vacibdir. Prezident Mişelin sözlərinə görə, davamlı və ədalətli sülhə şərait yaratmaq üçün Birinci Dağlıq Qarabağ müharibəsinə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına səbəb olan bütün əsas məsələlər iştirakçılar (Azərbaycan və Ermənistan) tərəfindən həll edilməlidir.
Prezident Mişelin liderlərin 22 may görüşünün yekunları ilə bağlı bəyanatı heç bir halda müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təsdiqi kimi şərh edilməməlidir. Nəticə etibarı ilə ən vacibi odur ki, bütün məsələlər kompleks şəkildə həll edilir. Bura, həmçinin bütün əhalinin (Qarabağda yaşayan ermənilər nəzərdə tutulur) hüquq və təhlükəsizliyi də daxildir.
Mayın 22-də Brüsseldə regionun blokadadan çıxarılması imkanlarını genişləndirmək üçün telefon rabitəsi məsələsi xüsusi olaraq müzakirə edilib. Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı ekstraterritorial iddiaların olmadığını təsdiqləyib.
Nəhayət, Prezident Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai çıxışların mühüm rolunu qeyd etdi. O, İrəvan və Bakı rəhbərliyinin atdığı addımları alqışladı və danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin təmin edilməsində xoş niyyətlə iştirak etmək niyyətində olduğunu bildirdi, həmçinin Aİ-nin etimad quruculuğu tədbirlərinə dəstəyini gücləndirməyə hazır olduğunu xüsusi vurğuladı.
Aİ-nin xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün yaxın günlərdə regiona səfər edəcək”, – Aİ-nin Avropa Şurası prezidentinin mətbuat katibi bildirib.
Bu kontekstdə xatırladaq ki, mayın 25-də parlamentin hökumət saatında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan və Bakı Brüssel danışıqlarının yekunu üzrə bəyanatın mətni ilə bağlı razılığa gəlməyiblər.
“Sülh müqaviləsi üzrə mümkün danışıqlar kontekstində Bakı 5 təklifini, İrəvan isə müşahidələrini və gündəliyini təqdim edib. Danışıqlar bunun əsasında aparılmalıdır. Təklif etdiyimiz prinsiplər Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını, eləcə də yekun statusun aydınlaşdırılmasını təsbit edir”, – deyə Paşinyan əlavə edib.
Onun fikrincə, tərəflər müzakirələr zamanı bəzi ifadələr üzərində razılığa gəlmədiyindən, Avropa Şurası hər iki tərəfin mövqelərini əks etdirən mümkün qədər çox elementi özündə əks etdirən ifadənin işlədilməsinə qərar verib.
Lakin Şarl Mişelin nümayəndəsinin bəyanatından da gördüyümüz kimi, Avropa Şurası Paşinyanın simasını xilas etmək üçün Ermənistan tərəfi ilə “oyun” oynamayıb. Mətndə yenə mayın 22-də olduğu kimi ATƏT-in Minsk Qrupu, erməni tərəfinin uydurduğu “Arsax xalqı və ya “Dağlıq Qarabağ” ifadələri bir dəfə də olsun işlədilməyib. Əvəzində əhali, yəni dövlətimizdəki etnik qruplardan biri olan etnik erməni əhalisi qeyd olunur.
Ş.Mişelin Mətbuat katibinin açıqlaması rəsmi Bakının mövqeyinin doğruluğunu bir daha təsdiqləyir.
Roman Göytürk,
KONKRET.az
