Yas mərasimlərində son illər bəzi dəyişikliklər müşahidə olunsa da, cəmiyyətdə hələ də müzakirə doğuran məqamlardan biri pul yığılması məsələsidir. Bir tərəfdən ehsan süfrələrinin yığışdırılması istiqamətində addımlar atılır, digər tərəfdən isə bəzi hallarda yas sahiblərindən pul toplanması davam edir. Sual yaranır ki, bu hal İslamın yasla bağlı qoyduğu qaydalara uyğun gəlir?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, əvvəllər yas məclislərində yas düşən evlərə qohumlar, tanışlar, qonşular yemək bişirib gətirirdilər:
“Sonralar bu, yasa pul yığılması formasında dəyişdi. Yas məclislərində siyahı tutulur, pul yığılır və bu vəsaitdən yas sahibi mərhumun məclislərinə ehsan verir, başdaşının xərclərini qarşılayırdı. İndi bəziləri deyir ki, Bakıda molla pulunun qiyməti çox bahadır. Bütün bunların heç biri İslamda yoxdur. İslama görə insan dünyasını dəyişəndən sonra yuyulur, kəfənlənir və dəfn olunur. Üç gün ərzində isə dəfndə iştirak edə bilməyənlər gəlib mərhumun ailəsinə başsağlığı verib gedirlər. Amma bizdə bu məsələ adətlərlə qarışdırılıb. Türk xalqlarında ölən şəxs üçün yemək verilir və bu, İslamla eyniləşdirilib. İnsanların çoxu bunun İslamla əlaqəli olduğunu düşünür, amma İslamda belə anlayış yoxdur. Əksinə, İslamda yas düşən ailəyə yemək bişirib aparmaq tövsiyə olunur. Müasir dövrdə bəzi imkanlı şəxslər ümumiyyətlə pul yığmır, lakin imkanı zəif olanlar buna məcbur qalır”.
İlahiyyatçı qeyd edib ki, bu gün elə çıxılmaz vəziyyət yaranıb ki, yas düşən insan həm itkinin ağrısını yaşayır, həm də cəmiyyətin gözləntiləri ilə üz-üzə qalır:
“Ona görə bu məsələdə kimisə sərt ittiham etmək, eyni zamanda səthi yanaşmaq düzgün deyil. Həqiqət daha sadə və aydındır. Çünki Allah dinə aid məsələlərdə asanlığı seçməyi əmr edib.
İslamda yasın mahiyyəti nümayiş, yarış və ya maddi yük deyil. Yasın mahiyyəti səbir, dua və mərhum üçün rəhmət diləməkdir. Quranda buyurulur ki, səbir edənlərə mükafat hesabsız veriləcək. Bu, yasın ruhunu açıq şəkildə göstərir. Yəni əsas olan insanın daxilində baş verən prosesdir, süfrənin böyüklüyü və ya yığılan vəsait deyil.
Peyğəmbərimiz Məhəmməd (s.ə.s) yas məsələsində aydın ölçü qoyub. O buyurur ki, Cəfər ibn Əbu Talib şəhid olanda səhabələrə onun ailəsi üçün yemək hazırlamağı tövsiyə edib, çünki onların başı öz dərdlərinə qarışıb. Bu hədis yasın fəlsəfəsini tam şəkildə izah edir. Yəni yas sahibi yemək verən yox, əksinə, cəmiyyət tərəfindən dəstəklənən tərəfdir. Burada istiqamət tərsinədir”.
O deyib ki, böyük İslam alimləri də bu mövzuda açıq danışıb:
“Məsələn, İmam Nəvəvi yas sahibinin insanlara süfrə açmasını məkruh sayır. İbn Abidin isə bunu bəzi hallarda bidətə yaxın davranış kimi qiymətləndirir. Yəni bu məsələ təkcə sosial deyil, dini baxımdan da ciddi şəkildə müzakirə olunub.
Əgər bu gün pul yığılması məsələsindən danışırıqsa, yığılan vəsait səmimi şəkildə kömək məqsədilə edilirsə və yas sahibinin yükünü azaltmağa xidmət edirsə, bu, İslamın ruhuna daha yaxındır. Çünki dinimiz yardımı təşviq edir. Quranda buyurulur ki, yaxşılıq və təqva üzərində bir-birinizə kömək edin. Bu baxımdan könüllü yardım, xüsusilə gizli edilən yardım həm dini, həm də insani baxımdan dəyərlidir.
Amma məsələ fərqli istiqamət alanda problem yaranır. Əgər pul yığılması sosial təzyiqə çevrilirsə, kim nə qədər verdi yarışına dönürsə və ya yas sahibinin üzərində borc kimi qalırsa, bu artıq İslamın ruhuna ziddir. Çünki din insanı çətinliyə salmaq üçün yox, onu rahatlatmaq üçün gəlib”.
Onun sözlərinə görə, müasir elmi yanaşma da maraqlı məqamı göstərir:
“Psixologiya və sosiologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, yas dövründə insanın ən çox ehtiyacı olan şey sosial dəstək və emosional anlayışdır, maddi nümayiş yox. Maddi yarış və sosial müqayisə isə əksinə, insanın stressini artırır. Bu, artıq yalnız dini deyil, elmi olaraq da sübut olunmuş həqiqətdir.
Bu gün cəmiyyətimizdə bəzi ənənələr din adı ilə təqdim olunur, amma mahiyyət etibarilə sosial vərdişdir. Biz bunu ayırmağı bacarmalıyıq. Din deyəndə Allahın qoyduğu ölçünü əsas götürmək lazımdır, insanların yaratdığı formaları yox.
Yas mərasimində pul yığılması yalnız bir şərtlə mənəvi dəyər daşıya bilər ki, bu, səmimi yardım olsun, gizli edilsin və qarşı tərəfi narahat etməsin. Əks halda, bu nə savab gətirir, nə də yasın ruhuna xidmət edir. Əksinə, insanın ən ağır gününü daha da ağırlaşdırır.
Sonda bir həqiqəti unutmayaq. Yas süfrəsi insanın Allaha yaxınlaşdığı yerdir, insanların bir-biri ilə yarışdığı məkan deyil. Orada ölçü kimin nə verdiyi yox, kimin nə qədər səmimi olduğu ilə müəyyən olunur”,- deyə o qeyd edib.
