“Güclü Ermənistan” müxalifət blokunun deputatları və nümayəndələri Ararat vilayətində erməni işğalında olan Kərki kəndinə (Adını Tiqranaşen qoyublar – red.) gəliblər.
KONKRET.az xəbər verir ki, səfərin əsas məqsədi strateji əhəmiyyət kəsb edən sərhəd zonasındakı vəziyyəti yerində qiymətləndirmək, yerli sakinlərlə ünsiyyət qurmaq və regionun gələcəyi ilə bağlı dəqiq siyasi mövqe ifadə etmək olub.
Səfər zamanı nümayəndə heyətinin iştirakçları təhlükəsizliyin artırılmasının və ölkənin suverenliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Onların sözlərinə toxunaraq qeyd ediblər ki, birtərəfli güzəştlər və ya strateji mövqelərin təslim edilməsi deyil, sərhəd ərazilərinin hərtərəfli infrastrukturu və iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetinə çevrilməlidir.
“Güclü Ermənistan” bloku əhalinin maraqlarını qorumaq və erməni kəndlərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində konkret addımlar hazırlamaq üçün regionlara müntəzəm səfərləri davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Erməni tərəfinin “Tiqranaşen kəndinin inkişafı” adı altında manipulyasiya etməyə çalışdığı bu ərazi əslində Azərbaycanın suveren torpağı olan Kərki kəndidir. 19 yanvar 1990-cı ildə SSRİ dövründə inzibati qaydada işğal olunan və erməni qüvvələrinin nəzarətində saxlanılan bu strateji yaşayış məntəqəsi Azərbaycanın əzəli torpağıdır. Rəsmi Bakı beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq, nəyin bahasına olursa-olsun Kərki kəndinin və digər işğal altında qalan anklav torpaqlarımızın geri qaytarılmasını təmin edəcək.
Erməni deputatlarının bu kəndə gəlişi isə əslində ora qanunsuz olaraq müxtəlif regionlardan köçürülən ermənilərə göstərilən ucuz siyasi dəstək cəhdidir. Lakin rəsmi Bakı öz qətiyyəti, dəmir iradəsi və gücü ilə bu qanunsuzluğa birdəfəlik son qoyacaq. “Dənizdən-dənizə” xülyası ilə yaşayan erməni revanşistlərinin bu xəyalları da digərləri kimi çözülüb gedəcək, Azərbaycan öz tarixi ədalətini tam bərpa edəcək.
Ağagül Mürsəlov,
KONKRET.az
