Natiq Məmmədli: Media subyektləri və jurnalistlər üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – MÜSAHİBƏbackend

Natiq Məmmədli: Media subyektləri və jurnalistlər üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib - MÜSAHİBƏ

Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib.

KONKRET.az xəbər verir ki, Şuranın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli yeni qaydalarla bağlı APA-nın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Media subyektləri üçün müsabiqənin qaydalarına edilmiş yeniliklər kifayət qədər prinsipial əhəmiyyət daşıyır. Onlayn media subyektlərinə şamil edilən yeni qaydalardan başlayaq.

– Bildiyiniz kimi, media subyektləri üçün müsabiqənin məqsədi onların inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verməkdir. Fərdi jurnalist müsabiqəsi isə jurnalistlərin peşəkarlığının artırılmasına və fərdi yaradıcılıq bacarıqlarının təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi daşıyır.

Rəqəmsallaşma informasiyanın yayılma sürətini artırmaqla yanaşı, onun məzmununa və təqdimat formasına da ciddi təsir göstərir. Sosial şəbəkə platformalarının insanların gündəlik həyatında rolu artdıqca medianın bu platformalarda fəal iştirakı daha böyük əhəmiyyət kəsb edir. Bu dəyişiklikləri nəzərə alaraq, həm jurnalistlərin peşəkarlığının artırılmasını, həm də medianın rəqəmsal mühitdə auditoriyaya çatmaq və ona təsir göstərmək imkanlarının genişləndirilməsini əsas hədəflərimiz kimi müəyyən etmişik.

Müsabiqələrdə yeni yanaşma məhz rəqəmsal transformasiyanı, sosial şəbəkələrin artan rolunu və media məzmununun daha geniş auditoriyaya çatdırılması zərurətini əsas götürərək tətbiq olunur. Konkret onlayn media subyektlərinə gəlincə, onların yekun qiymətləndirilməsi üç əsas komponent üzrə aparılacaq: ümumi balın 50 faizini ekspert qiymətləndirməsi, 25 faizini veb-saytın səhifə baxışları (“pageviews”), qalan 25 faizini isə sosial şəbəkə göstəriciləri təşkil edəcək. Artıq sosial şəbəkə aktivliyi ümumi bir üstünlük kimi deyil, ayrıca və ölçülə bilən qiymətləndirmə mexanizmi əsasında nəzərə alınacaq. Bu zaman “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” olmaqla 6 platforma üzrə qiymətləndirmə aparılacaq. Həmin göstəricilərin hesablanmasında isə izləyici sayına 30 faiz, qarşılıqlı əlaqə sayına (“engagement”) 50 faiz, paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalına (“average engagement rate per post”) isə 20 faiz çəki veriləcək. Diqqət yetirdinizsə, onlayn medianın ümumi qiymətləndirməsində əsas bal məzmunu dəyərləndirən ekspert qiymətləndirməsinə verilir. Başqa sözlə desək, bizim üçün ciddi ictimai əhəmiyyət daşıyan, peşəkarlıq standartlarına cavab verən yaradıcı jurnalist əməyi prioritet olaraq qalır. Beləliklə, biz keyfiyyətli məzmun yaradan medianın rəqəmsal mühitdə fəallığını stimullaşdırmaqla bütövlükdə informasiya ekosistemində məzmunun istər kəmiyyət, istərsə də keyfiyyət baxımından çəkisinin artacağına inanırıq.

– Sosial şəbəkələrdə media subyektlərinin fəallığının şəffaflığını təmin etmək üçün Şura hansı mexanizmlər tətbiq etməyi planlaşdırır, xüsusən də haqsız rəqabətin qarşısını almaq mümkün olacaqmı?

– Təbii ki, bu çox vacib nüansdır. Ümumi səhifə baxışlarının, veb-sayta daxilolmaların, sosial şəbəkə hesablarının izləyici sayının və qarşılıqlı əlaqə göstəricilərinin proqram təminatı və ya digər vasitələrlə həqiqi istifadəçi marağını və fəallığını əks etdirməyən şəkildə artırılması halında müvafiq göstəricilər qiymətləndirmədə nəzərə alınmayacaq. Maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edildikdə həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq və xəbərdarlıq ediləcək. Bu hal ikinci dəfə təkrarlandıqda müqaviləyə xitam veriləcək və subyekt növbəti yarım il üçün elan edilən müsabiqədə iştirak edə bilməyəcək. Düşünürük ki, bu prinsipial yanaşma media subyektləri arasında rəqabətin rəqəmsal etika prinsipləri çərçivəsindən kənara çıxmasının qarşısını alacaq.

– Əvvəlki müsabiqələrdə saytların məzmunu ilə yanaşı, texniki göstəriciləri də qiymətləndirilirdi, yeni qaydalarda bu məsələ necə həllini tapır?

– Məqalə və məzmun keyfiyyətinin qiymətləndirilməsi ilə yanaşı, bu dəfə də veb-saytların müasir texniki standartlara uyğunluğu nəzərə alınacaq. Əsas meyarlar veb-saytın vizual dizaynı və interfeysi, istifadəçi təcrübəsi, informasiya arxitekturası və naviqasiya strukturu, xəbər və bölmələrin əlçatanlığı və məntiqi təşkili, funksionallığıdır. Eyni zamanda, saytların informasiya təhlükəsizliyi, yüklənmə sürəti, mobil cihazlara və müxtəlif brauzerlərə uyğunluğu, axtarış imkanları, keçidlərin işləkliyi və ümumi texniki dayanıqlılığı da nəzərə alınacaq.

– Fərdi jurnalist müsabiqəsinin qaydalarına da yeniliklər nəzərdə tutulub, bu müsabiqələrə jurnalistlərin marağını nəzərə alaraq yeni yanaşma barədə məlumat verərdiniz.

– Bu istiqamət üzrə biz yenə də maraqlı, ictimai əhəmiyyətli və jurnalistika standartlarına uyğun hazırlanmış materiallar gözləyirik. Yenilik jurnalistlərin təqdim etdikləri materialların şəxsi rəqəmsal hesabları vasitəsilə yayılması və auditoriya ilə qarşılıqlı əlaqəsinin qiymətləndirmə prosesinə daxil edilməsidir. Qaydalara əsasən, qiymətləndirmədə jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı özünə məxsus və özü tərəfindən idarə olunan bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi paylaşımlar nəzərə alınır. Burada əsas göstərici qarşılıqlı əlaqə sayıdır (“engagement”). Yəni paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım (“share”) və saxlamaların (“save”) ümumi sayı hesablanır. Bu yanaşma həm materialın peşəkar keyfiyyətini, həm də onun auditoriyaya çatdırılması və rəqəmsal müstəvidə yaratdığı təsiri nəzərə alır.

– Bu yeniliklərin mahiyyət etibarı ilə ölkənin media ekosisteminə hansı təsirləri olacaq?

– Yeni qaydalar media subyektlərini real oxucu auditoriyasının genişləndirilməsinə, texniki dayanıqlılığın artırılmasına, sosial şəbəkə platformalarında effektiv fəaliyyətə və rəqəmsal optimizasiyaya təşviq edir. Süni göstəricilərin yaradılmasına qarşı tənzimləmə mexanizmləri sağlam rəqabət mühitinin qorunmasına xidmət göstərir. Yeni qiymətləndirmə modeli Azərbaycan mediasının peşəkarlığının artırılmasına və beynəlxalq rəqəmsal standartlara uyğunlaşmasına töhfə verməyi hədəfləyir. Model gələcəkdə Böyük Data analitikası, süni intellekt əsaslı alətlərin media idarəçiliyində tətbiqi və alqoritmik şəffaflıq kimi istiqamətlərin inkişafı üçün zəmin yaradır. Media platformalarının innovativ infrastruktura yiyələnməsi, alqoritmlərlə effektiv işləməsi və kibertəhlükəsizlik standartlarına uyğunlaşması milli media ekosisteminin qlobal rəqabətədavamlılığını gücləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*