Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağdakı Xocavənd (Martuni) ərazisini minalardan təmizləməyə davam ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Rusiya sülhməramlıları minaların təmizlənməsi və yaşayış məntəqələrinin kənarlarının təmizlənməsi zamanı hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edirlər.
23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 1191,3 hektar ərazini, 350 km-dən çox yolu, 1170 yaşayış binasını, o cümlədən 29 sosial əhəmiyyətli obyekti minalardan təmizləyərək təxminən 24,2 minə yaxın partlayıcını zərərsizləşdirib.
Qeyd edilib ki, aşkar edilmiş partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursat partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri görüldükdən sonra yerindəcə məhv edilir.

Vəsilə İbrahim
KONKRET.az