“Nömrəmi tanımadığım qadına vermişdi”backend

"Nömrəmi tanımadığım qadına vermişdi"

Quba rayonunda 47 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 26-da rayonun Birinci Nügədi kəndində baş verib.

1979-cu il təvəllüdlü Adil həmin gün saat 22 radələrində yaşadığı evin qarşısında aralarında yaranmış məişət mübahisəsi zamanı Zamiqə (adlar şərtidir – red.) baş nahiyyəsindən daşla vurub, ona xəsarətlər yetirib.

İş üzrə ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, heç bir yerdə işləmir:

“Zamiqlə iki il əvvəl mənim mobil nömrəmi tanımadığım qadına verdiyi üçün aramızda ədavət yaranıb. 2025-ci ilin noyabr ayının sonlarında tanışlarımın yanında Zamiqin barəsində təhqiramiz ifadələr işlətdim. Noybarın 26-da, saat 22 radələrində yaşadığım evdə olduğum zaman Zamiq zəng edərək evimin qarşısında olduğunu dedi, mənimlə söhbət etmək istədiyini bildirdi. Evin qarşısına çıxdıqda Zamiq nə səbəbə barəmdə kənd ərazisində nalayiq ifadələr işlətdiyini soruşdu, aramızda mübahisə yarandı. Həmin vaxt biz əlbəyaxa olduq. Zamiq yumruqla sifət nahiyyəmdən vurdu. Bu zaman yerə yıxıldım. Yerdə olan daş parçasını götürərək Zamiqə vurdum”.

Zərərçəkmiş Zamiqin sözlərinə görə, heç bir yerdə işləmir, himayəsində üç övladı var:

“Noyabrın 26-da kənd ərazisində olduğum zaman həmkəndlim Adil mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdiyini eşitdim. Adilə zəng edərək barəmdə nə səbəbə nalayiq ifadələr işlətdiyini maraqlandım. Adil isə məni yaşadığı evin qarşısına çağırdı. Həmin gün saat 22 radələrində Adilin yaşadığı evin qarşısına getdim. O, evin qarşısına çıxdıqda nə səbəbə mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdiyi ilə maraqlandım. Adil yaxşı edərək söydüyünü dedi. Həmin vaxt əsəbiləşərək Adili söydüm, sifət nahiyəsindən bir dəfə yumruqla vurdum. Bu vaxt aramızda dava-dalaş yarandı. Adil yerdə olan daş parçasını götürərək baş və bədən nahiyəmdən vurdu. Bunun ardınca oradan uzaqlaşdım”.

Quba Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*