Davam edən miqrant böhranı Nyu-Yorku məhv edəcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu şəhər meri Erik Adams deyib.

Onun sözlərinə görə, 2022-ci ilin aprelindən bu yana Nyu-Yorkdan 110 min sığınacaq axtaran şəxs keçib və bu, 12 milyard dollarlıq büdcə kəsirinə səbəb olub.
Mer qeyd edib ki, əvvəllər sığınacaq axtaranlar Venesueladan, indi isə Ekvadordan gəlir. Bundan əlavə, ruslar, eləcə də Qərbi Afrikadan olan miqrantlar Meksika vasitəsilə şəhərə gəlirlər.
“Nyu-Yorklular, mənim həyatımda heç vaxt sonunu görə bilmədiyim problem olmayıb, amma bunun sonunu görmürəm. Bu problem Nyu Yorku məhv edəcək”, – o deyib.
Qeyd edək ki, 2021 və 2022-ci illərdə ABŞ-a miqrant axını rekord həddi, 2,3 milyon nəfəri keçib. Aprel ayında Meksikadan ABŞ-a qeyri-qanuni miqrant axını son 22 ilin ən yüksək həddinə çatıb. Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. ABŞ rəsmiləri bildirib ki, 2023-cü maliyyə ilinin əvvəlindən indiyədək ölkəyə 1,2 milyondan çox miqrant gəlib.
İqbal Rzayev,
KONKRET.az
