İctimaiyyət arasında ölkənin magistral yollarında radarların çoxluğundan şikayət var. Əslində sürət həddini aşanları cilovlamaq məqsədi daşıyan radarlardan şikayətlənənlərin əsas gileyi nə qədər ehtiyatlı olsalar da, hər dəfə rayonlara gedib-gələndən sonra cərimələnmələrinə dairdir.
Onların bəziləri yollarda gizli radarlar quraşdırıldığını söyləyir, bəziləri də 110 km\saat sürət həddi müəyyənləşdirilən bəzi yerlərdə qəfildən sürət həddinin 70 olduğunu, bu üzdən avtomobilin sürətini 70-ə sala bilmədiklərini, nətcədə məcburən qayda pozuntusuna yol verdiklərini bildirirlər. Belə radarlardan ikisi Qobustan şəhərinin cənub və şimal giriş-çıxışlarında quraşdırılıb və sürücülərin əksəriyyəti də məhz bu yolda 10 manatlıq cəriməyə məruz qalırlar.
“Yeni Müsavat” qəzeti baş redaktorunun müavini, jurnalist Xalid Kazımlı sosial şəbəkədə bu mövzuda status yazıb. Status aşağıdakı kimidir:
“Son 5 ildə bir dəfə də olmayıb ki, rayona gedəm-gələm, ertəsi gün mənə radar cəriməsi gəlməsin. Yol boyunca bütün radarları gözləyirəm, hətta radar olmayan yerlərdə də 110 km\saat sürət həddini aşmıram, yaşayış məntəqələrinin içində sürət həddi 70-dirsə, 65-lə, 90-dırsa, 80-lə keçirəm, amma yenə də qayıdıb gəlib mia.gov.az saytını açıram və sağ olsunlar, heç vaxt məni yanıltmırlar – 10 manat cərimə. 1 manat güzəşt… Bu, necə olur, məni harada tələyə salırlar?”

Jurnalist Yusif Rzayev həmkarının sözünə qüvvət olaraq yazıb: “Etimad Başkeçid Gürcüstandan gəlib, bayaqdan sərhəddən bəri başına gələnlərdən danışır və eyni şeyi deyir. 10 manat. Yəqin bu pul asfaltbasdı puludur”.
Bakı sakini Fuad Cəlilov duruma izahat verib: “Yolun əks tərəfində patrul maşını keçir. Onlarda 360 dərəcə çəkir. Mən də bu yaxınlarda Zaqatalaya gedəndə belə olmuşdu. Dirəşdim. Sübut da elədilər”.
Vətəndaş Şahin Nəcəfov “radar zərərçəkənləri”ndən biri olduğunu bildirib: “Eyni vəziyyəti hər dəfə rayona gedib-gələndə mən də yaşayıram. 90-110-60 – bir yolda sürət neçə dəfə dəyişər? Rəsmən bir tələdir. Məqsəd heç də yolun təhlükəsizliyi deyil”.
Telman Abilhasanov isə mövzuya ironiya ilə yanaşıb: “Nəzir puludur, hər ay iki-üç dəfə bu hoqqa mənim də başıma gəlir. Bakı-Şamaxı yolunda Müşfiq qəsəbəsinədək iki dəfə sürət 60-70 arası dəyişir, özü də çox qısa məsafədə”.
Əlabbas Bağırov öz başına gələn hadisəni yazıb: “Ötən yay iki maşınla dal-qabaq Gədəbəyə getmişdik. Yola nabələd olduğumçün mən arxadakı maşını sürürdüm. Möcüzə biz qayıdandan sonra baş verdi. Bir maşın neçə dəfə radara düşsə yaxşıdır? Nə az, nə çox, düz 9 dəfə. Amma sözüm bunda deyil. Bərabər sürətlə getdiyimiz öndəki maşın sanki səmalarda uçurmuş. Radarlara bircə dəfə də yaxalanmamışdı”.

Jurnalist Zaur Xudiyev iddialarla razılaşmadığını bildirib: “Hər üç aydan bir Gürcüstana gedib-gəlirəm, bir dəfə də olsun radara düşməmişəm”.
Kama Kərimova radarın müflis etdiyi vətəndaşlardandır: “Bir dəfə Qubaya gedıb-geldım, 210 manat cərımə ödədım. Yanımdan taksilər uçurdu ele bil. Onlar, görəsən, niyə cərimə olunmurlar?”
Jurnalist Təranə Xudabaxşıyeva yazıb: “Eyni şey atamın başına gəlir. 60-lıq yolu 50 ilə sürür, yenə də ona cərimə gəlir”.
Göründüyü kimi, radar məsələsindən ciddi narazılıqlar var. Bu, yol-nəqliyyat sistemində problemin olmasından xəbər verir. Əlaqədar strukturlar sanki sürücülərin qəsdən qayda pozuntusuna yol verməsini təşkil edirlər ki, onlardan külli miqdarda cərimə alsınlar.
Konkret.az
