Özbəkistan rus qırıcılarından imtina etdi — Bu ölkə ilə razılığa gəldilərbackend

Özbəkistan rus qırıcılarından imtina etdi — Bu ölkə ilə razılığa gəldilər

Özbəkistanın Müdafiə Nazirliyi Çin istehsalı Chengdu J-10C çoxməqsədli qırıcılarının ölkənin hava məkanının mühafizəsi üzrə döyüş növbəsinə cəlb edildiyini açıqlayıb.

KONKRET.az bildirir ki, nazirliyin “Telegram” kanalında yayılan məlumata görə, J-10C-lər Özbəkistan Hərbi Hava Qüvvələrinin tərkibində xidmət göstərəcək. Alınan təyyarələrin sayı, tədarük müddəti və müqavilənin dəyəri açıqlanmayıb.

Çin tərəfi ilə sövdələşmənin detalları barədə də rəsmi təsdiq yoxdur. Bununla belə, “Defence Security Asia”, “Military Watch Magazine” və “The Aviationist” kimi müdafiə nəşrləri Daşkəndin 2025-ci ilin yayında 24 ədəd J-10CE qırıcısının alınması barədə razılığa gəldiyini yazıb.

Məlumatlara görə, ilk dörd təyyarə 2026-cı ilin iyulunda Özbəkistana çatdırılıb.

Həmin məlumatlarda özbək pilot və texniki heyətinin Çində hazırlıq keçdiyi də bildirilir. Lakin nə Daşkənd, nə də Pekin bu məlumatları rəsmi şəkildə təsdiqləyib. “Times of Central Asia” nəşrinin sorğusuna isə Özbəkistan Müdafiə Nazirliyi cavab verməyib.

Çin qırıcılarının Özbəkistan səmasında xidmətə başlaması Daşkəndin yeni döyüş təyyarələri axtarışının təxminən onillik tarixində yeni mərhələdir.

Özbəkistan 2017-ci ildən Rusiya ilə Su-30 qırıcılarının alınması barədə danışıqlar aparırdı. Məsələyə 2024-cü ildə də qayıdılsa da, müqavilə imzalanmayıb. Daşkəndin 2023-cü ildə Fransanın “Rafale” qırıcılarını almaq cəhdi də nəticəsiz qalıb.

“The Military Balance”ın 2024-cü il məlumatlarına əsasən, həmin dövrdə Özbəkistan Hərbi Hava Qüvvələrinin döyüş parkında 12 MiQ-29 var idi. Daha 18 MiQ-29 və 26 Su-27 anbarda saxlanılırdı. Hava dəstəyində istifadə olunan Su-25 hücum təyyarələri isə əsasən sovet dövründən qalan texnikalardan ibarət idi.

Daşkəndin hərbi məsələlərdə Moskvadan uzaqlaşması yeni proses deyil. Özbəkistan 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb.

Ekspert nəşrlərinin qiymətləndirməsinə görə, Çin təyyarələrinin seçilməsində Rusiyanın müdafiə sənayesinin iri ixrac sifarişlərini vaxtında yerinə yetirmək imkanları ilə bağlı suallar da rol oynaya bilər. Rusiya istehsal güclərinin əhəmiyyətli hissəsi hazırda öz ordusunun tələbatının qarşılanmasına yönəlib.

Daşkəndin qərarı Rusiyanın qlobal silah ixracatındakı mövqeyinin zəiflədiyi bir dövrə təsadüf edir. SIPRI-nin məlumatlarına görə, Rusiyanın dünya silah ixracındakı payı 2016–2020-ci illərdəki 21 faizdən 2021–2025-ci illərdə 6,8 faizə düşüb.

Rusiya buna baxmayaraq, ABŞ və Fransadan sonra dünyanın üçüncü ən böyük silah ixracatçısı olaraq qalır. Moskvanın əsas müştəriləri arasında Hindistan, Çin və Belarus yer alır.

Bununla belə, Mərkəzi Asiyada sovet və Rusiya istehsalı hərbi texnikadan istifadə edən ölkələr üçün texniki xidmət və ehtiyat hissələri baxımından Rusiya hələ də mühüm mövqeyə malikdir. Özbəkistanın yeni döyüş təyyarələri üzrə seçimi isə bu dəfə Moskvanın deyil, Pekinin xeyrinə olub.\\demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*