Yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsində 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı alternativ şərtlər kimi çıxış edir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, şəxs qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda fərdi hesabında minimum əmək pensiyasından az olmayan məbləğdə təminat almağa imkan verən pensiya kapitalına malikdirsə, sığorta stajının müddətindən asılı olmayaraq yaşa görə əmək pensiyası almaq hüququ əldə edə bilər.
Bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, şəxsin fərdi hesabında əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı olmadıqda, ən azı 25 il sığorta stajının olması əmək pensiyası hüququnun yaranması üçün alternativ şərtdir.
“2026-cı il iyulun 1-dən etibarən Azərbaycanda həm kişilər, həm də qadınlar üçün yaşa görə əmək pensiyası üzrə pensiya yaşı 65 müəyyən edilib.
Hazırda minimum əmək pensiyasının məbləği 320 manatdır. Pensiyanın hesablanmasında 144 aylıq gözlənilən ödəniş müddəti nəzərə alındığından, mövcud göstəricilər əsasında minimum əmək pensiyası məbləğini təmin edən pensiya kapitalı 46 080 manat təşkil edir (320 × 144).
Lakin 46 080 manat vətəndaşın ayrıca ödəməli olduğu və ya bank hesabında saxlanılan pul vəsaiti kimi başa düşülməməlidir. Söhbət şəxsin fərdi hesabında qeydə alınan pensiya kapitalından gedir. Bu kapital əmək pensiyası hüququnun müəyyənləşdirilməsi və pensiyanın məbləğinin hesablanması zamanı qanunvericilikdə müəyyən edilmiş qaydada nəzərə alınır”, – deyə ekspert bildirib.
Rəsmiyyə Sabirin sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan xüsusi hallar nəzərə alınmaqla, şəxsin fərdi hesabında minimum əmək pensiyasını təmin etməyə imkan verən pensiya kapitalı və ən azı 25 il sığorta stajı olmadıqda, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmır.
“Bu isə şəxsin fərdi hesabında əvvəllər formalaşmış pensiya kapitalının avtomatik olaraq itirilməsi demək deyil. Pensiya kapitalı fərdi hesabda qeydə alınan göstəricidir və bank hesabındakı vəsait kimi nağd şəkildə şəxsə geri qaytarılmır. Şəxs sonrakı dövrdə əmək pensiyası hüququ qazandıqda, fərdi hesabında qeydə alınmış pensiya kapitalı pensiyanın hesablanması zamanı nəzərə alınır”, – deyə professor vurğulayıb.
Ekspert əlavə edib ki, pensiya kapitalı sonrakı dövrlərdə ödənilən məcburi dövlət sosial sığorta haqları hesabına arta, həmçinin qanunvericilikdə nəzərdə tutulan qaydada indeksləşdirilə bilər. Yaşa görə əmək pensiyası təyin edildikdə isə fərdi hesabda qeydə alınmış pensiya kapitalından pensiyanın hesablanması zamanı istifadə olunur.
Rəsmiyyə Sabir bildirib ki, əmək pensiyası hüququ olmayan şəxslər üçün də sosial təminat mexanizmi mövcuddur. Belə şəxslər yaşa görə sosial müavinət almaq hüququ əldə edə bilərlər.
2026-cı ildə yaşa görə sosial müavinətin məbləği 220 manat təşkil edir.
Aynurə İsmayıl
KONKRET.az
