Paşinyan güclənir, Putin isə… – Simonyandan Rusiyaya siyasi mesajbackend

Paşinyan güclənir, Putin isə... - Simonyandan Rusiyaya siyasi mesaj

Ermənistanda keçirilən parlament seçkilərindən sonra İrəvan-Moskva xəttində gərginlik daha da artıb. Rusiyalı media meneceri və Kremlin təbliğatçılarından biri kimi tanınan Marqarita Simonyan Ermənistandan

Rusiyaya gələn şəxslərin sosial şəbəkələrinin siyasi baxışlarına görə yoxlanılmasını və Baş nazir Nikol Paşinyan tərəfdarlarının ölkəyə buraxılmamasını təklif edib. Bu açıqlama iki ölkə arasında münasibətlərdəki gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Bəs Simonyanın səsləndirdiyi bu təklif Moskvanın Ermənistana hansı siyasi mesajını verir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda keçirilən seçkilərdən sonra İrəvan və Moskva arasında münasibətlər gərgin mərhələdə qalmaqda davam edir.

Bakı və Moskva arasında gərginlik alovlana bilər | KONKRET

Onun sözlərinə görə, Rusiyanın Ermənistandan gələn şəxslərin yoxlanılması ilə bağlı yanaşması Moskvanın mümkün siyasi və ideoloji təsirlərdən narahat olduğunu göstərir:

“Marqarita Simonyanın bu açıqlaması təsadüfi deyil. Nikol Paşinyanın seçkilərdə mövqeyini daha da gücləndirməsi və Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya kursunu davam etdirməsi Moskvada ciddi narahatlıq yaradır. Rusiya Ermənistanda baş verən siyasi prosesləri diqqətlə izləyir və bu ölkədəki daxili dəyişikliklərin öz maraqlarına zidd istiqamətdə inkişaf etdiyini düşünür”.

Politoloq qeyd edib ki, Paşinyanı dəstəkləyən ermənilərin Rusiyaya girişinin məhdudlaşdırılması ilə bağlı səsləndirilən fikirlər siyasi mesaj xarakteri daşıyır:

“Bu cür bəyanatlar daha çox siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Moskva bununla həm Ermənistan hakimiyyətinə, həm də erməni cəmiyyətinə mesaj verməyə çalışır ki, Rusiyanın maraqlarına zidd siyasi kursun nəticələri ola bilər”.

M.Əsədullazadənin fikrincə, yaxın perspektivdə Rusiya-Ermənistan münasibətlərinin normallaşması gözlənilmir:

“Tərəflər arasında yaranmış fikir ayrılıqları dərin xarakter daşıyır. Münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün müəyyən zaman tələb olunacaq. Hazırkı mərhələdə isə normallaşma ilə bağlı ciddi gözləntilər yoxdur”.

Ekspert hesab edir ki, son açıqlamalar Moskvanın Ermənistanın siyasi istiqamət dəyişikliyindən narahat olduğunu və regiondakı təsir imkanlarını qorumağa çalışdığını bir daha nümayiş etdirir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*