Paşinyan həmsədrləri gözləyir: Rəsmi Bakı və Kreml isə Minsk Qrupunu bloklayırbackend

Paşinyan həmsədrləri gözləyir: Rəsmi Bakı və Kreml isə Minsk Qrupunu bloklayır

Azərbaycan Minsk Qrupu həmsədrlərinin Xankəndi və ətraf bölgəyə səfər etməsinə icazə vermək niyyətində deyil; Qərb siyasi dairələrində də uğursuz format hesab edilərək, sərt tənqid olunan Minsk Qrupunun ümumiyyətlə, ləğvi gündəmə gətirilə bilər…

Azərbaycan Zəfər Bayramını qeyd edir. Bu, ilk dəfədir ki, baş verir, ancaq əbədi olaraq, davam edəcək. Azərbaycan xalqı belə bir bayram gününün olacağına əmin idi. Və ona görə də, bu tarixi günü təqvimdə əbədiləşdirmək üçün nə az, nə çox, düz 30 il səbrlə gözlədi.

Həmin 30 il ərzində isə ATƏT-ın Minsk Qrupunun həmsədrləri guya regional münaqişənin həllinə çalışırdılar. Ancaq onların bu “fəaliyyəti” münaqişənin həllinə deyil, əksinə, 30 il uzanmasına səbəb oldu. Və Azərbaycan dövlətinin səbri tükəndi, Minsk Qrupu həmsədrlərinin 30 ilə həll edə bilmədiyi problemi – münaqişəni cəmisi 44 gün ərzində nizamladı.

İndi maraqlı situasiya yaranıb. Azərbaycan öz ərazi bütövlüyünün bərpasına nail olub, torpaqlarının 30 illik Ermənistanın hərbi, Minsk Qrupu həmsədrlərinin isə siyasi işğalına son qoyub. İndi bu mövzu artıq müzakirələrə qapalıdır və birmənalı şəkildə Azərbaycan dövlətinin daxili işidir. Və artıq Minsk Qrupu həmsədrlərinə regionda heç bir ehtiyac qalmayıb.

Ancaq rəsmi İrəvan hələ də öz əhəmiyyətini itirmiş Minsk Qrupu həmsədrlərinin regional proseslərdə iştirakına cəhd edir. Halbuki, indi bunun üçün nə səbəb, nə də ehtiyac yoxdur. Və bundan sonra sadəcə, Minsk Qrupu həmsədrləri formatının ləğvi ən doğru addım ola bilər.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Ancaq Ermənistan baş naziri Nikol Paşinyan hələ də böyük səbirsizliklə həmsədrlərin yolunu gözləyir. Onun sözlərinə görə, hələ oktyabrın əvvəllərində həmsədrlər “yaxın günlərdə regiona səfər edəcəklərini” vəd etmişdilər. Ancaq onların hələ də regionda peyda olmaması erməni baş naziri həm narahat edir, həm də təəccübləndirir: “Mən ABŞ-dan olan həmsədr Endrü Şofer ilə bu mövzuda danışmışdım. O, bildirmişdi ki, bu məsələ üzərində işləyirlər. Həmin vaxtdan xeyli müddət keçib. Bu müddət ərzində həmsədrlər regiona səfər etməli idilər. Ehtimal edirəm ki, Azərbaycan tərəfindən buna hansısa əngəllər törədilir”.

Əlbəttə ki, artıq heç də rəsmi İrəvanın nəyisə istəməsi o qədər də böyük əhəmiyyət daşımır. Həmsədrlərin regiona səfəri rəsmi İrəvanın deyil, məhz Azərbaycanın mövqeyindən asılıdır. Rəsmi Bakı isə Minsk Qrupu həmsədrlərinin regiona səfər etməsində qətiyyən maraqlı deyil.

Məsələ ondadır ki, rəsmi Bakı münaqişənin artıq həll edildiyini birmənalı şəkildə bəyan edib. Azərbaycan öz suveren əraziləri ilə bağlı heç bir məsələni kənar dövlətlər və ya qurumlar ilə müzakirə etmək niyyətində deyil. Və ona görə də, Minsk Qrupu həmsədrlərinə bu regionda ehtiyac yoxdur, 44 günlük savaşın mövcud nəticələrindən sonra onların müzakirə edəcəyi heç bir məsələ qalmayıb.

Maraqlıdır ki, bu reallıq artıq həmsədrlərin təmsil etdikləri ölkələrdə də etiraf olunmağa başlayıb. Məsələn, ABŞ-ın “Washington Post” nəşri ATƏT-ın Minsk Qrupunun effektsiz və uğursuz format olduğu qənaətinə gəlib: “Fransanın Ermənistana dəstək vermək ehtirası və ABŞ-ın ikitərəfli münasibətləri müqayisəyə qarışdırması üçüncü həmsədr ölkəyə – Rusiyaya qarşıduran tərəflər arasında təktərəfli vasitəçilik imkanı yaratdı”.

9724138c-1.jpg (22 KB)

Minsk Qrupunun uğursuzluğunda rol oynayan əsas faktor kimi isə həmsədr ölkələrin maraqları arasında kəskin ziddiyyətlərin olması, nəticədə münaqişənin həllinə münasibətdə konsensusun baş tutması qabardılır: “Acı reallıq ondan ibarətdir ki, Qərbdə hələ də münaqişələrin həllində köhnəlmiş və qeyri-adekvat mexanizmlərdən istifadə etməyə çalışırlar. Bu ənənə Azərbaycanın Qarabağ regionunda Minsk Qrupunu uğursuzluğa düçar etmiş oldu. Nəticədə beynəlxalq rəqiblərin mənafeyinə uyğun situasiya yaranıb və münaqişə tərəflərinin ABŞ-a etimadı sarsılıb”.

Böyük Britaniyadan olan siyasi ekspert Nil Uotson Minsk Qrupu barədə danışarkən, daha sərt mövqedən çıxış edib. Onun fikrincə, hər üç həmsədr ölkə erməni diasporu üçün “beşik” rolunu oynayır. Ona görə də, həmsədr ölkələr son 30 il ərzində Ermənistana münasibətdə daha loyal mövqe tutmağa üstünlük veriblər: “Ermənilər bu ölkələrdə yüksək inteqrasiya səviyyəsinə nail olaraq, dünyada siyasətə və biznesə geniş təsir imkanları qazanıblar. Nəticədə biz 30 il ərzində müşahidə etmək məcburiyyətində qaldığınız situasiya qaçılmaz oldu. Yəni, Minsk Qrupu münaqişənin həllində qeyri-effektiv formata çevrildi. BMT-nin 1993-cü ildə dörd qətnaməsi isə işğalçı Ermənistan tərəfindən ümumiyyətlə yerinə yetirilmədi”.

Göründüyü kimi, Qərbdə Minsk Qrupu həmsədrlərinin fəaliyyəti təqdir deyil, yalnız tənqid olunur. Çünki həmsədr ölkələr münaqişənin həllindən daha çox erməni diasporunu məmnun etmək barədə düşünməyə üstünlük veriblər. Nəticədə Azərbaycan ordusunun cəmisi 44 gün ərzində həll etməyə nail olduğu münaqişə məhz həmsədr ölkələrin günahı ucbatından 30 il uzanıb.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Ermənistan baş naziri Nikol Paşinyanın yenidən böyük həsrətlə həmsədrlərin yolunu gözləməsi, onların keçirilməsindən narahat olması tamamilə başadüşüləndir. Ola bilsin ki, rəsmi İrəvan məhz həmsədrlərin sayəsində əvvəlki situasiyanın bərpasına da ümid edir. Və bunu bəlkə də Ermənistan üçün yeganə çıxış yolu hesab edir.

nocomment_04202b40f74dad4b1a2b03217b9d4391_74xriulg3s8np02vta9q-e1610387806582.jpg (89 KB)

Ancaq erməni baş nazirin ümidlərini puça çıxaracaq faktorlar indi daha güclüdür. Birincisi, Azərbaycanın həm beynəlxalq, həm də regional mövqeləri indi əvvəlki dövrlərə görə daha güclüdür. Eyni zamanda, Azərbaycan istənilən döyüş tapşırığını yerinə yetirmək qüdrətində olan modern orduya sahibdir. Və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan öz daxili məsələlərini Minsk Qrupu həmsədrləri ilə müzakirə etmək niyyətində deyil.

Deməli, rəsmi Bakı razılıq verməyənə qədər Minsk Qrupu həmsədrləri Cənubi Qafqaza gələ bilməyəcəklər. Çünki onlar əvvəlki dövrlərdən fərqli olaraq, Ermənistan ərazisindən Xankəndi və ətraf bölgəyə səfər etmək imkanını itiriblər. Yəni, onlar Xankəndi və ətraf bölgədə peyda olmaq üçün ilk növbədə rəsmi Bakıdan icazə almağa məcburdurlar. Əks halda, suveren Azərbaycanın dövlət sərhədlərini pozmuş duruma düşməklə, beynəlxalq qalmaqalla üzləşə bilərlər. Və bu, rəsmi Bakının Minsk Qrupunun ləğvini gündəmə gətirməsi üçün ən optimal hüquqi səbəbə çevrilə bilərdi.

Digər tərəfdən, münaqişənin birdəfəlik həll olunması ilə yanaşı, regional problemlərin nizamlanması üzrə konkret yeni sənəd də mövcuddur. Belə ki, hazırda Cənubi Qafqazın əsas problemləri hazırda məhz üçtərəfli anlaşmalara əsasən həll edilir. Bu prosesdə əsas vasitəçi missiyasını da Rusiya öz üzərinə götürüb. Rusiya həmsədr ölkə olsa da, Kreml hər hansı beynəlxalq qurumun bu prosesə qatılmasına və ya müdaxilə etməsinə imkan vermək niyyətində deyil. Və Minsk Qrupu həmsədrlərinin fəaliyyəti bərpa edilərsə, üçtərəfli anlaşmaların icrasına müəyyən problemlər yarana, müsbət istiqamətdə inkişaf etməkdə olan proses pozula bilər.

Ona görə də, hesab etmək olar ki, hazırda Paşinyan hakimiyyətinin bütün gözləntilərinə baxmayaraq, Minsk Qrupu həmsədrlərinin yenidən regionda cərəyan edən proseslərə müdaxilə ehtimalı yoxdur. Bütün yeni reallıqlar və geopolitik faktorlar hazırda Minsk Qrupu həmsədrlərinin regiona qayıdış şanslarını bloklayır. Və böyük ehtimalla yaxın vaxtlarda Minsk Qrupu formatının ümumiyyətlə, ləğv olunması qətiyyən gözlənilməz xarakter daşımaya bilər.

Elçin Xalidbəyli,

siyasi ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*