Küçədə, ictimai nəqliyyatda, parkda və ya hər hansı məkanda tapılan itirilmiş əşyalarla bağlı insanlar çox vaxt bunun sadəcə vicdan məsələsi olduğunu düşünür. Halbuki qanunvericilik belə hallarda şəxsin hansı addımları atmalı olduğunu dəqiq müəyyənləşdirir. Tapılan telefonun, pul kisəsinin, sənədin və ya digər qiymətli əşyanın sahibinə qaytarılmaması bəzi hallarda hüquqi məsuliyyətə də səbəb ola bilər.
Bəs şəxs itirilmiş əşya tapdıqda qanuna görə necə davranmalıdır?
KONKRET.az xəbər verir ki, vəkil Tural Həsənli Demokrat.az-a açqılamasında bildirib ki, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir:
“Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir. Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir”.
Vəkilin sözlərinə görə, qanunvericilik əşyanı tapan şəxslər üçün müəyyən hüquqlar da tanıyır. Belə ki, mülkiyyətçi məlum olmadıqda və tapıntı barədə rəsmi məlumat verildikdən bir il sonra əşya onu tapan şəxsin mülkiyyətinə keçə bilər. Bundan əlavə, vətəndaş tapdığı əşyanın dəyərinin beş faizinədək miqdarda mükafat və onun saxlanması üçün çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, tapılmış əşyanın gizlədilməsi və ya sahibinə qaytarılmaması hüquqi məsuliyyət yarada bilər. Bu səbəbdən vətəndaş tapıntı barədə dərhal aidiyyəti üzrə məlumat verməli və əşyanı təhvil verməlidir.
