“Ermənilərdə bu dəfə ölkə rəhbərliyinin Əliyevə ayıq-sayıq cavab verəcəyinə ümid var idi. Amma bu, baş vermədi”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni analitik Hraçya Qalustyan fikir səsləndirib:
“Ermənistan Silahlı Qüvvələrinin qalıqları Qarabağdan çıxarılır. Daha Qarabağda Ermənistandan çağırışçılar olmayacaq. Çünki hökumətimizin rəsmi Bakının tələblərini necə itaətkarlıqla yerinə yetirdiyinin şahidi oluruq. Azərbaycan artıq Ermənistan və “Artsax”la bağlı bütün məsələləri Kremllə həll etdiyini gizlətməyə ehtiyac duymur” – erməni analitik bildirib.

Qalustyan deyir ki, Azərbaycan Prezidentinin son çıxışından (“Əgər Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq istəmirsə, bunu açıq desin. Bu halda nə edəcəyimizi biləcəyik” – red) sonra Ermənistan rəhbərliyinin ayıq-sayıq cavab verəcəyinə ümid olub:

“Bu, heç olmasa kapitulyatorun öz günahını az da olsa yuması və daxili auditoriyanı sakitləşdirməsi üçün lazım idi. Amma Paşinyan bunu etmədi. Görünür, onlar daha çox xalqın qəzəbindən yox, Azərbaycanın hazır olduğu yeni müharibədən qorxurlar” – erməni analitik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az
