Paşinyanın vaxtı daraldı – Regionda bu kəşfiyyat orqanları at oynadır – MÜSAHİBƏbackend

Paşinyanın vaxtı daraldı – Regionda bu kəşfiyyat orqanları at oynadır - MÜSAHİBƏ

Ermənistanın qərbyönlü siyasəti Rusiyada birmənalı qarşılanmır və iki ölkə arasında gərginliyə səbəb olub. Üstəlik, öz müttəfiqinə “buynuz göstərən” Ermənistan Qərbdən aldığı təlimatlara uyğun hərəkət etməklə sülh müqaviləsini imzalamaqdan yayınır. Amma ötən həftə birgə bəyanatdan sonra Ermənistanı sülh yolundan sapındıran bəzi Qərb dövlətləri hər iki ölkəni alqışlayıb. Sülh müqaviləsinin imzalanması isə hələ də real görünmür.

KONKRET.az məsələ ilə bağlı rusiyalı hərbi ekspert İqor Korotçenkonun müsahibəsini təqdim edir.

– Bakı və İrəvanın 7 dekabr birgə bəyanatını necə qiymətləndirirsiniz? Nəhayət, sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edə bilərikmi?

– Əslində, biz bunu irəliləyiş kimi qiymətləndirə bilərik, çünki buna qədər bütün danışıqlar yalnız vasitəçilərin dəstəyi ilə və xarici platformalarda aparılırdı. Burada birbaşa razılaşmalar və əldə edilən aşkar uğurlar var. Söhbət müsbət tərəflərdən gedir. Bununla belə, bir maraqlı məqam sual doğurur. Ermənistan uzun illər müqavilə mətnində irəli sürməyə çalışdığı əsas prinsipindən – Qarabağ erməniləri probleminin ayrıca qeyd edilməsindən əl çəkəcəkmi? Azərbaycan buna cavab olaraq, Ermənistan ərazisindən zorla qovulmuş 300 min azərbaycanlının öz ata-baba yurduna qayıtmaq məsələsini qaldırır. Təbii ki, Ermənistan belə bir təklifə razı olmayacaq. Hesab edirəm ki, Paşinyanın mövqeyindən çox şey asılıdır. İmzalanmanın ilin sonuna qədər baş tuta biləcəyi ilə bağlı optimist proqnozlara arxalansaq, o zaman Əliyev və Paşinyanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülə bilər. Əslində gələn il müqavilə bağlamağa ciddi maneə yoxdur. Əsas odur ki, bu fakt gerçəkləşsin.

Amma Paşinyanın lazım gələrsə, növbədənkənar parlament seçkiləri keçirməyə hazır olması ilə bağlı bəyanatı çox güman ki, aşağıdakı mümkün ssenaridən xəbər verir. Baş nazir nəhayət ki, sazişdəki ilkin şərtlərdən imtina edib, onu imzalayacaq, eyni zamanda, növbədənkənar seçkilərin keçirilməsini elan edəcək. Bu, ona məsuliyyət yükünü üzərindən götürməyə imkan verəcək. Gəlin görək, gələcəkdə vəziyyət necə inkişaf edəcək. Nikol Vovayeviçin hiyləgərliyini və hazırcavablığını nəzərə alsaq, hər şey mümkündür.

İnanıram ki, o, hələ də, necə deyərlər, “yerdəki vəziyyət”in reallıqlarından çıxış edir. Nə qədər tənqid olunsa da, başa düşür ki, müqavilənin imzalanmasında israrlı olmaq ona heç nə verməyəcək. Çünki Qarabağ Ermənistan üçün həmişəlik itirilib və ermənilərin artıq bu mövzuda spekulyasiya etmək imkanı yoxdur.

– Siz fikir verdinizmi, sülh müqaviləsinə mane olan tərəflər birgə bəyanatla bağlı Azərbaycan və Ermənistanı təbrik etdilər…

– Hesab edirəm ki, bu, ABŞ-ın, Fransanın, Avropa Birliyinin müəyyən hiyləsidir. Bakı ilə İrəvan arasında sülh müqaviləsi Qərbi Azərbaycan üzərində istənilən təsir rıçaqlarından məhrum edir. Və hesab edirəm ki, Qərb şifahi olaraq bunun əksini bəyan etsə də, imzalanmamasında çox maraqlıdır. Bu yaxınlarda Ermənistanda Aİ-nin müşahidə missiyası kontingentinin artırılması qərara alınıb. Bu, Azərbaycan, İran və Rusiyaya qarşı düşmənçilik fəaliyyəti kimi şərh edilməlidir. Çünki bu missiyanın onurğa sütununu diplomatik pərdə altında Avropa ölkələrinin peşəkar kəşfiyyatçıları təşkil edir. İlk növbədə bunlar Fransanın xarici kəşfiyyatı (DGSE), Almaniyanın xarici kəşfiyyatı (BND) və digər kəşfiyyat xidmətləridir. Təbii ki, onlar Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olmasında maraqlı deyil.

– Bəs Rusiya?

– Rusiya tamam başqa məsələdir. Moskva nəqliyyat dəhlizlərinin maneəsiz fəaliyyət göstərməsində maraqlıdır. Çünki onları Cənubi Qafqazda sülhün formalaşması üçün mühüm element hesab edir. Azərbaycan və İran üzərindən çəkiləcək nəqliyyat dəhlizi bir çox mühüm logistika problemlərini həll edəcək. Rusiya da Gürcüstanla münasibətləri gücləndirməkdə sadiqdir, çünki o, regionda tamhüquqlu sülhün bərqərar olmasında maraqlıdır.

– Bəs Zəngəzur dəhlizi? Bu marşrutla Ermənistandan keçmək mümkün olacaqmı?

– Məsələ burasındadır ki, Azərbaycan tranzit dəhlizinin öz hissəsini İran ərazisindən keçirir. Ona görə də Ermənistan yenə lazımsız dövlətə çeviriləcək. Çünki o, özü bu cür siyasət aparır. Onlar “Dünyanın kəsişməsi” layihəsi ilə əslində qlobal dalana dirənəcək. Azərbaycanla sülh müqaviləsinin olmaması isə Ermənistanla Türkiyə arasında münasibətlərin bərpasına mane olur. Bu isə o deməkdir ki, belə bir layihənin perspektivi yoxdur. Bütün investorlar da bunu görür və başa düşür. Ona görə də Paşinyanın vaxtı azdır. Azərbaycanla sülh müqaviləsi iqtisadi və siyasi vəziyyətdən yeganə çıxış yoludur.

– Ermənistan – Rusiya münasibətlərində bundan sonra nə olacaq?

– Ermənistanla Rusiya arasındakı münasibətlər özünün gərgin dövrünü yaşayır. Paşinyan Qərbə üz tutur, NATO ölkələrindən silah almağa başlayıb. İrəvanın bu siyasəti böyük ehtimalla gələcəkdə də davam edəcək. Düzdür, hələlik Paşinyan Moskvanı qıcıqlandıran kəskin hərəkətlər etməyəcək. Eyni zamanda, MDB və KTMT çərçivəsində istənilən siyasi format və görüşlərdən uzaqlaşacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*