“Təmas relsinə yüksək gərginliyin verilməsində yaranan nasazlığın müxtəlif səbəbləri ola bilər. Dəqiq analiz aparmamış, konkret nəsə demək mümkün deyil. Belə halların təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında yeraltı nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov deyib.
O bildirib ki, platforma daxilində enerji təminatını həyata keçirən müxtəlif avadanlıqların hər birində nasazlıq olma ehtimalı mümkündür:
“Ümumiyyətlə platformanın içərisində müxtəlif işıq gücləndiriciləri, enerji ötürücüləri və transformatorlar var. Onlarda müəyyən nasazlıqlar, qısaqapanmalar olan zaman gərginliyin düşməsi müşahidə olunur. Ola bilsin, elektrik vericiləri yaxud relslərdə olan qəbuledicilərdə nasazlıq yaranıb. Sadalanan bütün avadanlıqlarda problem olması mümkündür. Bunu daha yaxşı energetiklər müəyyən edə bilər. Daha dəqiq səbəbi müvafiq araşdırmadan sonra öyrənə bilərik”.
Qeyd edək ki, “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyulub.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə stansiyalardakı sərnişinlər təxliyə olunub.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
