İranın ali dini lideri Müctəba Xamenei ABŞ-la danışıqlar aparmaq üçün nümayəndə heyətinin göndərilməsinə “yaşıl işıq” verib.
KONKRET.az xəbər verir ki, bu barədə Axios nəşri mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, qərar aprelin 20-si axşam saatlarında qəbul olunub. Məlumata görə, İran tərəfi uzun müddət ali liderin icazəsini gözləyirdi və bu razılıq bazar ertəsi axşam əldə olunub. Eyni zamanda qeyd olunur ki, Tehran danışıqlar prosesini İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqləri səbəbilə uzadırdı. Məqsəd daha sərt mövqe formalaşdırmaq, o cümlədən ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılmadan danışıqlara başlamamaq idi.
Bu arada ABŞ-ın vitse-prezidenti Vensin aprelin 21-i səhər İslamabada səfərə gedəcəyi və müharibənin başa çatdırılması ilə bağlı mümkün razılaşmanı müzakirə edəcəyi gözlənilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vens və xüsusi nümayəndə Stiv Uitkoff artıq İslamabada yola düşüblər və danışıqların yeni mərhələsinə hazırlıq aparırlar. O, həmçinin Tehranın dialoqdan imtina edəcəyi ilə bağlı iddiaları təkzib edib.
Bununla belə, “Əl Cəzirə” kanalının məlumatına görə, İran nümayəndə heyəti İslamabada göndərilməyib. İran Xarici İşlər Nazirliyi və parlamentdəki mənbələr təsdiqləyiblər ki, heç bir nümayəndə heyəti, o cümlədən texniki qrup ölkəni tərk etməyib. Parlament sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və onun müavini hazırda İrandadır.
Dövlət yayım qurumu IRIB də hər hansı uçuşun baş vermədiyini bildirib. Beləliklə, İranın danışıqlarda iştirakı hələ də qeyri-müəyyən olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az
