Azərbaycanda fərdi yaşayış evi tikmək istəyən vətəndaşların qarşısında təkcə maliyyə deyil, həm də ciddi hüquqi və texniki tələblər dayanır. Torpağın təyinatından tutmuş layihələndirmə, icazələrin alınması və sonda çıxarışın əldə olunmasına qədər prosesin bir neçə mərhələsi var.
Bəs fərdi ev tikmək istəyənlər qanunvericiliyə uyğun olaraq hansı qaydalara əməl etməlidir?
Bu barədə KONKRET.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, ilk növbədə vətəndaş ev tikəcəyi torpağın təyinatına diqqət yetirməlidir.

“Torpaq fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmalı və sənədlərdə “yaşayış məntəqələri torpaqları” kateqoriyası üzrə qeyd olunmalıdır. Torpaq istər mülkiyyətdə, istərsə də icarədə olsun, fərqi yoxdur. Yalnız bu təyinata uyğun olmalıdır. Əks halda, həmin ərazidə fərdi ev tikintisi qanuni sayılmır. Tikinti zamanı torpaq sahəsinin ölçüsü də mühüm rol oynayır. Şəhərsalma və Tikinti Məcəlləsinin normativlərinə əsasən, kiçik torpaq sahələrində iri tikililərin inşasına yol verilmir, evlə hasar arasında məsafə, eləcə də hündürlük göstəriciləri tələblərə uyğun olmalıdır”.
E.Azadov bildirib ki, vətəndaşlar daha dəqiq layihələndirmə üçün lisenziyalı layihə-smeta bürolarına müraciət etməlidirlər.
“Xüsusilə, 12 metrədək hündürlüyə malik fərdi evlərin layihələndirilməsi bu qaydalar çərçivəsində həyata keçirilir.
Vətəndaş torpaq sənədlərini təqdim etdikdən sonra layihə bürosu normativlərə uyğun layihə hazırlayır və bu sənədlər elektron qaydada aidiyyəti üzrə memarlıq qurumlarına və ya icra hakimiyyətinə göndərilir. Rəsmi müraciətdən sonra adətən iki həftə ərzində baxılır. Hər hansı irad olarsa, vətəndaşa bildirilir, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra tikintiyə başlamaq mümkündür”, – ekspert vurğulayıb.
Tikinti başa çatdıqdan sonra isə vətəndaş təsdiqlənmiş layihə sənədləri ilə birlikdə ASAN Xidmətə müraciət edir. Baxışdan sonra tikili normativlərə uyğun hesab olunarsa, evə texniki pasport və çıxarış verilir.
Ekspertin sözlərinə görə, bu prosedurlara əməl etmək gələcəkdə tikilinin sənədləşdirilməsi və hüquqi problemlərin qarşısının alınması baxımından vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
