Çexiyanın şimal-şərqindəki Trutnov bölgəsində meşəlik ərazidə gəzintiyə çıxan iki dostun qarşılaşdığı mənzərə elm dünyasında böyük əks-səda doğurub. Daş divarın arasında tapdıqları paslı və dəyərsiz görünən alüminium qabın qapağını açan dostlar gözlərinə inanmayıblar.
KONKRET.az Metbuat.az-a istinadən xəbər verir ki, qabın içərisində qoruyucu qara parçalara bükülmüş, səliqə ilə düzülmüş tam 598 ədəd təmiz qızıl sikkə aşkar edilib. Tapıntının ardınca araşdırma aparan arxeoloqlar cəmi bir metr aralıda ikinci bir dəmir qab da tapıblar. Bu qabdan isə siqaret qutuları, qadın pudra qabı, qızıl qolbaqlar, lüks zəncir və daraq kimi şəxsi əşyalar çıxıb. Sikkələrin təkbaşına çəkisi 3,7 kiloqram, ümumi tapıntının çəkisi isə 7 kiloqramdır.
Mütəxəssisləri heyrətləndirən əsas məqam isə xəzinənin coğrafi tərkibindəki qəribəlikdir. Belə ki, Çexiya torpaqlarında tapılmasına baxmayaraq, bu xəzinənin içindən bir dənə də olsun Çexoslovakiya kronu və ya Alman markı çıxmayıb. Sikkələr arasında Fransa qızılları üstünlük təşkil edir, həmçinin Osmanlı imperiyası, Çar Rusiyası, Avstriya-Macarıstan, Belçika, Rumıniya və İtaliyaya məxsus pullar var. Pulların üzərindəki tarixlər 1808-1915-ci illəri əhatə etsə də, bəzi sikkələrin üzərində 1930-cu illərdə Balkanlarda vurulmuş xüsusi möhürlərin aşkar edilməsi bu xəzinənin İkinci Dünya Müharibəsi ərəfəsində basdırıldığını sübut edir.
Tarixçilər və arxeoloqlar bu böyük servətin hansı məqsədlə gizlədilməsi ilə bağlı üç əsas böhran ssenarisi üzərində dayanırlar. Birinci ehtimala görə, 1938-ci ildə faşist Almaniyasının bölgəni işğalı zamanı varlı bir yəhudi ailəsi sürgün olunarkən mülkünü xilas etmək üçün bu addımı atıb. İkinci ehtimal, İkinci Dünya Müharibəsindən sonra Çexoslovakiyadan qovulan zəngin bir alman ailəsinin geri qayıtmaq ümidi ilə sərvətini basdırmasıdır. Üçüncü ehtimal isə 1953-cü ildə komünist rejiminin həyata keçirdiyi və insanların bütün varidatını sıfırlayan pul islahatından qorunmaq istəyən bir vətəndaşın gizli fəaliyyətidir.
