Paytaxta ballistik raketlərlə hücum edildi – Rusiya həddini aşırbackend

Paytaxta ballistik raketlərlə hücum edildi - Rusiya həddini aşır

Donald Trampın elan etdiyi enerji atəşkəsinə baxmayaraq, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirməkdə davam edir. Oktyabrın 13-ü axşam saatlarında Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutub.

KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, hücumun hədəfi paytaxtın əsas enerji obyektlərindən biri olan 4 saylı istilik elektrik mərkəzi (İEM) olub.

Zərbələrdən yaşayış binası da zərər çəkib. Kiyev meri Vitali Kliçko bildirib ki, raket şəhərin şimal-şərqində yerləşən Desnyanski rayonunda doqquzmərtəbəli binaya düşüb və yanğın baş verib. Bundan başqa, Solomenski rayonunda pilotsuz uçuş aparatı ofis binasına düşüb, Darnitski rayonunda isə dronun qalıqları stadionun ərazisinə səpələnib. Desnyanski rayonunda anbar binasında da yanğın qeydə alınıb.

Oktyabrın 14-ü səhər saatlarında Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücumlar nəticəsində Kiyevdə üç nəfərin həlak olduğunu açıqlayıb. Vitali Kliçkonun məlumatına görə, şəhərdə yaralananların sayı 20-ni ötüb.

Volodimir Zelenski bildirib ki, tərəfdaşları artıq ikinci dəfədir Rusiyanın ballistik raket buraxması barədə Ukraynanı əvvəlcədən xəbərdar etmirlər.

“Dünyanın bu barədə susmaması vacibdir. Amerikanın da baş verənləri və müharibənin davam etməsində kimin günahkar olduğunu həqiqətən görməsi önəmlidir”, – deyə dövlət başçısı Telegram kanalında yazıb.

Bu arada ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də Vaşinqtonda jurnalistlər qarşısında çıxış edərkən ölkəsinin Ukraynaya kəşfiyyat məlumatları verməməsi ilə bağlı iddiaları təkzib edib.

Məlumata görə, oktyabrın 14-ü səhər saatlarında Rusiya yenidən Kiyevə ballistik raketlər atıb. Zərbələr bu dəfə də enerji obyektlərinə yönəlib. Nəticədə şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*