Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA: İşləyə biləcəklər, yoxsa…?backend

Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA: İşləyə biləcəklər, yoxsa...?

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.

Bəs bunun əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, inkişaf etmiş ölkələrdə insanların pensiyaya çıxmağa üstünlük verməsinin əsas səbəblərindən biri pensiya fondlarında topladıqları vəsaitdən istifadə ilə bağlı daha geniş seçim imkanlarına malik olmalarıdır.

İqbal Ağazadə:”Hakimiyyətin koronavirusla mübarizə metodu zəifdir” | Azərbaycan Ümid Partiyası

Onun sözlərinə görə, həmin ölkələrdə vətəndaşların pensiya təminatı minimum yaşayış səviyyəsini qarşıladığı üçün insanlar təqaüd dövrünü daha rahat planlaşdıra bilirlər:

“Bir sıra ölkələrdə vətəndaşlar ona görə pensiyaya tez çıxmaq istəyirlər ki, illərlə pensiya fonduna topladıqları kapital üzərində sərbəst qərar vermək imkanları var. Onların pensiya təminatı minimum yaşayışını təmin edən səviyyədə olur. Məsələn, əgər bir şəxsin hesabında illər ərzində 100 min manat vəsait toplanıbsa, həmin pulu necə dəyərləndirəcəyinə özü qərar verir. Bu pulları müxtəlif illərə bölə, investisiya edə və ya başqa formada xərcləyə bilər”.

İqbal Ağazadə qeyd edib ki, Azərbaycanda isə vətəndaşların pensiya fonduna ödədikləri vəsait üzərində belə bir sərbəstlik mövcud deyil:

“Çox təəssüf ki, bizdə bu sistem yoxdur. Hətta bəzi hallarda vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişirsə, illərlə fonda ödədiyi vəsaitdən özü də, ailəsi də yararlana bilmir. Halbuki həmin vəsait onun şəxsi puludur. Bir sıra ölkələrdə bu vəsaitlər banklarda depozit kimi yerləşdirilir, əlavə gəlir əldə olunur. Azərbaycanda isə belə imkanlar yoxdur.
Pensiyaya çıxan insanların əksəriyyətinin aldığı təqaüd onların bütün ehtiyaclarını qarşılamağa kifayət etmir. Buna görə də insanlar çalışırlar ki, işləməyə davam etsinlər və əlavə gəlir qazansınlar. Faktiki olaraq, bir çox vətəndaş pensiya yaşına çatsa belə, maddi səbəblərdən əmək fəaliyyətini dayandıra bilmir”.

Ekspertin fikrincə, pensiya sistemində vətəndaşların topladıqları vəsait üzərində daha geniş hüquqlara malik olması və pensiya təminatının gücləndirilməsi gələcəkdə insanların təqaüdə çıxmağa münasibətini dəyişə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*