Polkovnikdən 26 İyun mesajı: “Güclü ordu varsa…”backend

Polkovnikdən 26 İyun mesajı: "Güclü ordu varsa..."

Azərbaycanda hər il 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu gün təkcə hərbçilərin peşə bayramı deyil, həm də dövlətçiliyin, müstəqilliyin və milli təhlükəsizliyin rəmzi hesab edilir.

Bəs 26 İyun niyə qeyd olunur və bu günün cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Silahlı Qüvvələr Günü dövlətin varlığını və xalqın təhlükəsizliyini ifadə edən ən önəmli tarixlərdən biridir.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Ekspert qeyd edib ki, müstəqil və suveren dövlətin mövcudluğu güclü ordudan keçir:

“26 İyun Silahlı Qüvvələr Günü bütün dünyada qəbul olunan bir ənənədir. Çünki bir millət yaşayırsa, fəaliyyət göstərirsə, onun müstəqilliyini və suverenliyini qoruyan bir güc olmalıdır. Bu güc də silahlı qüvvələrdir. Dünyanın böyük və kiçik bütün dövlətləri öz ordularının gününü qeyd edir.”

Ü. Cəfərov xatırladıb ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Silahlı Qüvvələr Günü 9 oktyabr tarixində qeyd olunsa da, sonradan tarixi ənənələr əsas götürülərək bayram 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yaradıldığı 26 iyun tarixinə keçirilib.

Onun sözlərinə görə, bu günün cəmiyyət üçün əhəmiyyəti olduqca böyükdür:

“Məşhur deyim var: “Ordun varsa, yurdun var”. Bu fikir təsadüfi deyil. Bu gün silahlı qüvvələrin mövcudluğu dövlətçiliyin, xalqın və sərhədlərin qorunmasının təminatıdır. Əgər ordun varsa, deməli dövlətin var və xalq olaraq təhlükəsiz yaşaya bilirsən.”

Hərbçi olmaq böyük məsuliyyət, xüsusi zəhmət və fədakarlıq tələb edir. Məhz buna görə də Silahlı Qüvvələr Günü digər peşə bayramları arasında özünəməxsus yer tutur.”

Ü. Cəfərovun fikrincə, müasir dövrdə ordunun yalnız mövcudluğu deyil, onun peşəkarlığı və döyüş qabiliyyəti də həlledici əhəmiyyət daşıyır:

“Bəzi ölkələrin orduları olsa da, döyüş hazırlığına lazımi səviyyədə diqqət ayırmadıqları üçün ciddi problemlərlə üzləşirlər. Buna görə də Azərbaycan
öz Silahlı Qüvvələrini daim gücləndirməli, inkişaf etdirməli və qorumalıdır. Ordun yoxdursa, müxtəlif təzyiqlərlə üz-üzə qala bilərsən.

Nə qədər ki, xalqımız öz sərhədləri daxilində yaşayacaq, Silahlı Qüvvələrimizi qorumaq və daha da gücləndirmək bizim əsas vəzifələrimizdən biri olacaq. 26 İyun bizim qürur tariximizdir.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*