Prezidentin mesaji hamı üçün bir çağırışdır və buna əməl edilməlidirbackend

Prezidentin mesaji hamı üçün bir çağırışdır və buna əməl edilməlidir

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayır ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Elə ölkədə həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar da xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edir. Prezidentin son çıxışında səsləndirdiyi “8 saatlıq iş rejiminə ciddi əməl olunmalıdır” fikirləri  insanları istismar edən bəzi sahibkar və dövlət qurumlarına ciddi mesaj idi. İlham Əliyev açıq şəkildə bəyan etdi ki, ölkədə 8 saatlıq iş günü mövcuddur və heç kim bundan artıq işləməməlidi. Ölkə başçısının çıxışı, təyin edilən saatdan artıq işlədilən və əməyi istismar olunan vətəndaşların ürəyincə oldu. Prezident 8 saatlıq iş rejiminə əməl olunması üçün Nazirlər Kabinetinə və digər aidiyyatı dövlət qurumlarına ciddi tapşırıqlar verdi.

Aynur Osmanqızı

Bəs görəsən, ölkə başçısının tapşırıqlarından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti  bu istiqamətdə hansı addımlar atmağı planlaşdırır?

Mövzu ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 8 saatlıq iş rejiminə riayət edilməsi üçün görüləcək tədbirlər haqda geniş açıqlama verib. Açıqlamada bildirilir ki, 8 saatlıq iş rejiminə riayət edilməsi üçün müvafiq monitorinq qrupu yaradılıb. Bu monitorinq qrupu əsasən iki istiqamətdə iş görəcək: “İlk görüləcək iş bu sahədə olan şikayətlərin araşdırılması, müvafiq tədbirlərin görülməsi və işə götürənlərin məlumatlandırılmasıdır. Bununla yanaşı monitorinq qrupu işçilər və işəgötürənlər arasında təbliğat işi aparmağı qarşıya məqsəd qoyub. İkinci mərhələdə isə iş yerlərində səyyar yoxlamaların aparılması həyata keçiriləcək. Hazırda bu məsələlərlə bağlı monitorinq qrupu tərəfindən təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq. Hökumətin müvafiq qərarı olduqdan sonra isə əməli addımlar atılacaq”.

Nazirliyin açıqlamasında qeyd olunur ki, 8 saatlıq iş rejiminə əməl etməyən aidiyyatı strukturlara ilk növbədə xəbərdarlıq ediləcək: “Həm işçiyə, həm də işəgötürənə öz hüquq və vəzifələri izah olunacaq. Xəbərdarlıqdan sonra hər hansı bir işəgötürən bu tələblərə əməl etməyəcəksə, o zaman müvafiq inzibati cərimə mexanizmləri tətbiq olunacaq”.

Fazil Mustafa

Fazil Mustafa: ”8 saatdan artıq işlədilən insanlar bununla bağlı öz mövqelərini bildirməlidirlər və heç nədən qorxmamalıdırlar”

Mövzu ilə bağlı fikirlərini KONKRET.az – la bölüşən millət vəkili Fazil Mustafa  bildirib ki, bu məsələ ilə bağlı Milli Məclisdə çıxışlar olub. Bu çıxışlar mətbuatda da geniş yayılıb: “Nazirliklərdə və digər bir çox yerlərdə insanları iş saatından artıq saxlayırlar. Məsələn, Milli Məclisdə saat 6 tamam olan kimi, işçiləri buraxırlar. Amma başqa qurumlarda bu, baş vermir. Əgər nazir saat 8-də işdən çıxırsa, o zaman digər işçilər də həmin vaxt qurumu tərk edə bilirlər. Bu məsələ bir neçə dəfə gündəmə gətirildiyindən, ölkə başçısı cəmiyyətdən alınan mesajları real praktikada özü də müəyyən vasitələrlə yoxlayıb. Bu səbəbdən də açıq şəkildə sözügedən məsələyə münasibət bildirib”.

Fazil Mustafanın sözlərinə görə, bu məsələyə prezident tərəfindən çox yüksək səviyyədə və vaxtında münasibət bildirildi: “Prezidentin bu çıxışından istifadə edərək, artıq vətəndaşlar və məmurlar fəal olmalıdırlar. Belə ki, 8 saatdan artıq işlədilən insanlar bununla bağlı öz mövqelərini bildirməlidirlər və heç nədən qorxmamalıdırlar. Yəni bu məsələdə prezidentə ilk növbədə vətəndaşlar dəstək verməlidirlər. Hesab edirəm ki, bu çağırışa vəzifəli şəxslər də əməl etməlidirlər. Əks halda sözügedən məsələ ilə bağlı real müsbət nəticələr əldə etmək mümkün olmayacaq. Prezidentin mesaji hamı üçün bir çağırışdır və buna əməl edilməlidir”.

 

Müşviq Tofiqoğlu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*