Son illər Azərbaycanda təhsil sistemindəki problemlərlə bağlı müzakirələr daha da intensivləşib. Qloballaşan dünyada bilik və bacarıqların sürətlə dəyişdiyi, texnologiyaların təhsilə inteqrasiyasının qaçılmaz olduğu bir dövrdə milli təhsil sisteminin rəqabətə davamlı olmaması əsas məsələlərdən birinə çevrilib. Rəsmi statistikalar və beynəlxalq qiymətləndirmələr göstərir ki, şagirdlərin bilik səviyyəsi, analitik düşünmə qabiliyyəti və praktik bacarıqları ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır. Digər tərəfdən, valideynlərin və müəllimlərin narazılıqları, repetitorluğa artan tələbat, ali məktəblərə qəbul imtahanlarının nəticələri də sistemdəki boşluqlara işarə edir.
Mütəxəssislər hesab edirlər ki, bu problemlər təkcə ayrı-ayrı sahələrdə deyil, bütövlükdə idarəetmə, kurikulum siyasəti, dərsliklərin hazırlanması, müəllim hazırlığı və qiymətləndirmə mexanizmlərində özünü göstərir. Xüsusilə də təhsildə aparılan islahatların davamlılığı, elmi əsaslandırılması və praktik nəticələrinin zəif hiss olunması tez-tez tənqid edilir. Bütün bunların fonunda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən siyasətin effektivliyi də sual altına düşür.
Belə bir şəraitdə əsas məsələ təkcə problemləri sadalamaq deyil, həm də onların səbəblərini dərindən təhlil etmək və real çıxış yollarını müəyyənləşdirməkdir. Mövcud resurslar, insan kapitalı və idarəetmə imkanları nəzərə alınarsa, təhsil sisteminin daha effektiv və müasir modelə keçidi mümkündürmü, yoxsa illərdir davam edən bu problemlər hələ uzun müddət gündəmdə qalacaq?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, təhsilin hazırkı vəziyyəti qənaətbəxş deyil.
“Kurikulumun məzmunu, dərsliklərin keyfiyyəti, müəllimlərin fasiləsiz təhsilinin təşkili, tədris-metodik təminat, elmi əsaslandırılmış islahatların aparılması və idarəetmədə peşəkarlıq ciddi problemlər olaraq qalır.
Bu istiqamətlər üzrə dəfələrlə təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilsə də, real nəticə əldə olunmayıb. Biz bu məsələlərin hər biri ilə bağlı çoxsaylı məqalələr paylaşmışıq, həll yollarını izah etmişik. Lakin görünən odur ki, təhsildəki vəziyyəti yaxşılaşdırmaq üçün yetərli iradə yoxdur”.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin fəaliyyətini də tənqid edən İ. Əhmədov vurğulayıb ki, qurum illərdir bu suallara cavab tapa bilmir:
“Bu suallar qlobal xarakter daşıyır. Nazirlikdə yüzlərlə məmur çalışır, lakin problemlər sistemli şəkildə həll edilmir. Bir müsahibə ilə bu qədər kompleks məsələləri həll etmək mümkün deyil”.
Ekspert hesab edir ki, çıxış yolu ya nazirliyin öz fəaliyyətini köklü şəkildə yeniləməsindən, ya da problemlərin həlli üçün elmi-tədqiqat layihələrinin sifariş olunmasından keçir. Onun fikrincə, bu istiqamətdə mütəxəssislərin cəlb edilməsi və layihələrin maliyyələşdirilməsi vacibdir.
Mövzu bir daha sual doğurur: illərdir müzakirə olunan problemlərin fonunda Azərbaycan təhsil sistemində real və effektiv dəyişikliklər nə vaxt baş verəcək?
Müşviq Tofiqoğlu
KONKRET.az
