Azərbaycanda ali təhsili yüksək nəticələrlə başa vuran gənclərin hərbi xidmətə cəlb edilməsi məsələsi zaman-zaman cəmiyyətdə müzakirələrə səbəb olur. Mövcud qanunvericilik isə bu məsələyə fərqli yanaşma təqdim edir və müəyyən alternativ xidmət imkanları yaradır. Bəs, universiteti əla qiymətlərlə bitirən məzunların hərbi xidmətdən azad olunması nə dərəcədə ədalətli və məqsədəuyğundur?
Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, qüvvədə olan qanunvericilik universiteti yüksək balla bitirən şəxslərin hərbi xidmətdən tam azad olunmasını nəzərdə tutmur.

“Belə məzunlar üçün Milli Müdafiə Universiteti tərkibində xüsusi bölmələr fəaliyyət göstərir. Bu bölmələrə qəbul olunan gənclər qısa müddətli hərbi hazırlıq keçdikdən sonra intellektual bölmələrdə, öz ixtisaslarına uyğun şəkildə xidmət edirlər. Digər çağırışçılardan fərqli olaraq, onlar üçün əksər hallarda ərazi prinsipi tətbiq edilmir və xidmətlərini əsasən Bakı şəhərində daha komfort şəraitdə davam etdirmək imkanı yaradılır”.
Ədalət Verdiyev vurğulayıb ki, bu yanaşma gənclərin bilik və bacarıqlarının dövlətin müdafiə və təhlükəsizlik sahəsində səmərəli istifadəsinə şərait yaradır.
“Hazırda yüksək bal toplayan məzunların hərbi xidmətdən azad olunması ilə bağlı hər hansı müzakirə aparılmır. Elmi fəaliyyətlə məşğul olan və doktorantura səviyyəsində əyani təhsil alan şəxslər, təhsillərini müəyyən edilmiş müddətdə başa vurduqları halda, qanunvericiliyə əsasən hərbi xidmətdən azad edilirlər”.
Aynurə İsmayıl
KONKRET.az
