ABŞ-da yeni seçilən prezidentin gördüyü işlərə 100 gündən sonra yekun vurulur. Bu, ölkədə sanki bir adətdir. Ancaq digər dövlətlərdə də yüz gün nəyəsə nail olmaq üçün yaxşı bir müddətdir. Buna görə də ilkin hesablamalar aparmağın vaxtı gəlib.
KONKRET.az “glavred.info” saytına istinadən xəbər verir ki, bu fikirləri rusiyalı siyasətçi və iş adamı, Rusiya Federasiyası Baş nazirinin keçmiş müavini (1997), Rusiya Dövlət Əmlak Komitəsinin keçmiş sədri Alfred Kox yazıb.
“Görünür, bu ənənə Napoleonun məşhur “Yüz gün”ündən (1815-ci il martın 1-dən iyulun 8-dək) qalıb. O, Elba adasından qaçıb Antibaya gedib, bir neçə sadiq mühafizəçisi ilə Qrenobla yürüş etməyi bacarıb (ordunun birinci hissəsi onun tərəfinə keçib), sonra isə Liona (marşal Neyin başçılıq etdiyi ordunun qalan hissəsi ona qoşulub) çatıb. Parisə daxil olub, tacını geri qaytarıb, ordunun başında Belçikaya gedib, orada iki döyüşdə qalib gəlib, üçüncüdə (Vaterloo) uduzub. Parisə qayıdanda taxtdan salınıb. Və bütün bunlar yüz gündə baş verib. Napoleonun pərəstişkarları onun tərcümeyi-halının bu epizodunu “Qartalın uçuşu” adlandırırlar.
Mövzuya daha yaxın olan başqa bir hərbi analoqu götürək, çünki söhbət Putinin ruhani atası Adolf Hitlerdən gedir. Bildiyiniz kimi, o, 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. Artıq sentyabrın 30-da (düz yüz gün sonra) Tayfun əməliyyatı, yəni sovet tarixşünaslığında Moskva uğrunda döyüş adlandırılan əməliyyat başladı. Bundan üç həftə əvvəl (8 sentyabrdan) Leninqradın blokadası artıq qurulmuşdu.
İndi isə Putinin müharibəsinin nəticələrini ümumiləşdirək. Bu “qartal” yüz gündə hara uçub? Əslində o, heç yerə uçmayıb. 1000 km-lik cəbhədə düşmən ərazisinin yüz kilometr dərinliyinə daxil oldu. Eyni zamanda, “xüsusi əməliyyatı” başlayandan üç həftə sonra ilkin hücumunun ən azı üç istiqamətindən biabırçı şəkildə qaçdı, döyüş mövqelərində çoxlu sınmış texnika və minlərlə cəsəd qoydu.
Eyni zamanda, o, ordusunun dinc əhaliyə qarşı dəhşətli vəhşilikləri və şəhərləri amansızcasına atəşə tutması ilə bütün dünyanı heyrətə gətirdi. Və təbii ki, əsgərlərini canlı hədəf kimi düşmən mövqelərinə göndərdi və bununla da bədnam rus taktikasını nümayiş etdirdi.
O, strateji planda mənalı heç nə əldə etməyib. Təbii ki, Rusiyanın beynəlxalq təcridindən və texnogen iqtisadi böhranından başqa. Miqyasını hələ də qiymətləndirmək mümkün deyil.
Yəqin ki, macəralarının belə fəlakətli nəticələrindən sonra özünə hörmət edən diktatorlar alınlarına güllə sıxıblar. Amma bizim “qartal” belə deyil. Özünə güvənir və “hər şey plana uyğun gedir” sözlərini dilə gətirir.
Hansı plana görə? Bu plan haradadır? Nədən ibarətdir? Kiyevə parad marşı ilə gedib bütün tanklarımızın yarısını, əsgərlərimizin dörddə birini orada qoyub getmək plandır? Kiyevətrafı qəsəbələrdə dinc əhaliyə qarşı qırğın təşkil etmək, sonra da qaçmaq plandır?
Xəzər dənizindən strateji bombardmançı təyyarədən atdığı raketlə Odessada doğum evini bombalamaq və ya üç aylıq körpəni öldürməklə hansı hərbi və ya siyasi vəzifə həll olunur?
Vermaxt (faşist Almaniyası) yüz gün ərzində şərqə doğru Lvovdan cəmi 30 km irəli gedib. Ancaq yüz günə Smolenskə çatıb (Sonda Vermaxt məğlub oldu). Bəs Putinin “xüsusi əməliyyatı”ndan nə gözləmək olar? Doğrudanmı qələbə?
Putinin Ukraynada etdiyi hər şey dəhşətli, mənasız cinayətdir və heç bir əsası yoxdur. Bu savaşla özünü xalqın sıralarından sildi. İndi ona xidmət və kömək edən hər kəs onun kimi cinayətkardır.
Putinin Rusiya ilə etdiyi hər şey vətənə xəyanətdir. O, bir vaxtlar G8-in üzvü olan, NATO və Aİ-yə daxil olmaq üçün danışıqlar aparan, lazımi bazar islahatlarının əksəriyyətini keçən, iqtisadi artıma sahib olan bir ölkəyə rəhbərlik etməyə başladı.
İndi nəyimiz var? Rusiya vəhşiliyin sinonimi olan təcavüzkar ölkədir, ruslar isə bütün bəşəriyyət üçün müqəvvadır. Rusiyada son 30 ilin ən dərin böhranı bu gün başlayır və onun miqyasına görə 1990-cı illərin əvvəllərindəki böhranı da keçəcəyini istisna etmirəm.
Rusiyada hüquq-mühafizə və məhkəmə sistemi tamamilə dağılıb, Putinin güc strukturları insanların sadəcə qorxduğu talançı və quldur dəstəyə çevrilib.
Və onların əsl cinayətlə mübarizə aparmasından söhbət gedə bilməz. Üstəlik, minlərlə rus qadın və uşağı döyülməyə, ölümə məhkum etdilər.
O, rusları qorxmuş mal-qara sürüsünə çevirib.
O, nasist rejimini məğlub edən bir ölkəni ən primitiv faşizm və millətçilik yuvasına çevirib.
O, rusların şüurlarında vəhşi ideyaları yerləşdirib.
O, rusların müqəddəs yerlərini – Rus Pravoslav Kilsəsini dağıdıb, başına tamahkar ateisti gətirib.
Təsəvvür edə bilmirəm ki, bəşəriyyət onun qalib gəlməsinə icazə versin. Bu, mümkün olmayacaq. Heç bir halda. Çünki insanlar təhlükənin nə olduğunu başa düşürlər.
Bizim işimiz haqq işidir. Düşmən məğlub olacaq. Qələbə bizim olacaq. Ukraynaya eşq olsun”, deyə o qeyd edib.
Roman Göytürk,
KONKRET.az
